Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşü olub
Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü olub.
AZƏRTAC xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel dövlətimizin başçısı İlham Əliyevi qarşıladı.
Sonra birgə foto çəkdirildi.
Görüşdə dövlətimizin başçısı Brüsselə səfərə dəvətə görə Avropa İttifaqı Şurasının Prezidentinə təşəkkürünü bildirdi.
Hər iki tərəf Azərbaycan və Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin Brüssel formatının bərpası ilə bağlı məmnunluqlarını ifadə etdilər. Prezident İlham Əliyev Şarl Mişelə bu istiqamətdə göstərdiyi səylərə görə minnətdarlığını bildirdi.
Söhbət zamanı son aylar ərzində Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı baş verən hadisələr, Vaşinqton danışıqları, Azərbaycan-Ermənistan sərhədində vəziyyət, habelə bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçiriləcək üçtərəfli görüşün gündəliyi müzakirə olundu.