Azərbaycan xalqı öz tarixinin ən parlaq dövrünü yaşayır. Erməni silahlı qüvvələrinin otuz illik işğalına son qoyulmuş, torpaqlarımız azad edilmişdir. Qirx dörd gün davam edən Vətən müharibəsi və qısa müddətli antiterror əməliyatları nəticəsində ərazi bütövlüyümüz tam təmin olunmuşdur. Torpaqlarımızda ücrəngli bayrağımız dalğalanır. Tarixi zəfəri bizə yaşadan amillər çoxdur. Bu böyük qələbə Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdə iradəsi, xalqımızın birliyinin, silahlı qüvvələrimizin şücaəti, onların igidlik və qəhrəmanlıqları, şəhidlərimizin qanı və canı bahasına əldə edilmişdir.
Zəfərə gedən yolda əsas istiqamət isə Ümummilli Liderimiz Heydər Əliyevin müstəqilliyinizin möhkəmləndirilməsi, iqtisadiyyatımızin gücləndirilməsinə, ordu quruculuğuna yönəldilmiş siyasətin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi olmuşdur. Regionda söz sahibi kimi tanınan, dünya iqtisadiyyatına tövhə verən, xüsusən Avropanın enerji xəritəsini yeniləmək gücündə olan Azərbaycan tarixi ədaləti bərpa edərək dünya xalqlarının sırasında layiqli yerini tutmuşdur.
Dahi şəxsiyyət, böyük insan, Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar kimi qalan, milli iftixarımız Heydər Əliyevin Azərbaycan xalqı qarşısında tarixi xidmətləri heç zaman unudulmayacaqdır.
Azərbaycan tarixi 1960–cı illərin sonundan başlayaraq müasir dövrə qədər görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin adı ilə, onun əməlləri ilə bağlıdır. İstər respublikaya birinci dəfə rəhbərlik etdiyi 1969–1982–ci illərdə, istər SSRİ–nin ali hakimiyyət orqanlarında təmsil olunduğu dövrdə, istərsə də 1993- cü ildə xalqın tələbi ilə yenidən Bakıya qaydaraq, müstəqil Azərbaycanın Prezidenti kimi fəaliyyətində Heydər Əliyev ölkəmizin ictimai–siyasi, sosial–iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişə xidmət edib, onun tərəqqisi üçün var qüvvəsi ilə çalışıb. Belə sahələrdən biri də, səhiyyənin, onun maddi-texniki bazasının yenilənməsi, tibb elminin inkişafı və peşəkar həkim kadrlarının hazırlanması üçün vaxtında gördüyü funtamental işlər olmuşdur.
1969-cu ilin iyul ayında Azərbaycan Kommunist Partiyasının birinci katibi seçilən Heydər Əliyev səhiyyənin maddi–texniki bazasıının acınacaqlı vəziyyətdə olduğunu görürdü. İmmunlaşdırma, bir sıra infeksion xəstəliklər, o cümlədən vərəm, malyariya, difteriya, poliomielit, məxmərək və s. narkomaniya, ana və uşaq sağlamlığı, kadr çatışmazlığı və mövcud kadrların səviyyəsi—bunlar Azərbaycan səhiyyəsində öz həllini gözləyən problemlərin yalnız bir hissəsi idi.
Respublikanın yeni rəhbərinin bu sahədə tərəqqiyə nail olmaq əzmi özünü çox qısa bir müddətdə göstərdi. İlk növbədə qanunvericilik möhkəmləndirildi.
1969–cu ilin dekabrında səhiyyənin gələcək inkişaf istiqamətlərini müəyyən edən “Sağlamlıq Məcəlləsi” adlı sənəd Azərbaycan Respublikası Ali Sovetinin VII Sessiyasında qəbul edildi və bu Məcəllə qarşıdan gələn illər üçün fəaliyyət planı oldu, səhiyyənin inkişafına əsaslı təkan verdi.
Heydər Əliyevin səhiyyənin inkişafına göstərdiyi diqqətin nəticəsi kimi mövcud səhiyyə ocaqlarının əsaslı təmiri, yeni tibb müəssisələrinin tikilməsi oldu. 1970–1980–ci illərdə respublikada bir çox mühüm səhiyyə obyektləri inşa edildi. Təkcə uşaq poliklinikalarının sayı 1970–1975–ci illərdə 150–dən 185–ə çatdı. Yeni istifadəyə verilən səhiyyə müəssisələri arasında Uroloji Kliniki Xəstəxana, neyrocərrahiyyə, toksikologiya, yanıq mərkəzləri kimi tibb ocaqları var idi. Elmi–Tədqiqat Oftalmologiya və Elmi–Tədqiqat Onkologiya institutları üçün yeni binalar da o zaman tikilməyə başladı. Xatırlatmaq yerinə düşər ki, həmin dövrlərdə Salyan rayonunda uyğunlaşdırılmış binalarda yerləşən səhiyyə müəssisələri üçün də yeni binalar inşa edildi, Səhiyyə xidmətinin səviyyəsi genişləndi. Bir çox xəstəliklərin müalicəsi üzrə Salyan mərkəzləşmiş xəstəxana kimi tanındı. Burada respublika əhəmiyyətli həkim kadrları yetişdi. Bu kadrlar sonralar qonşu rayonlarda baş həkim kimi çalışdılar, səhiyyə nazirliyində yüksək vəzifələrdə təmsil olundular.
Heydər Əliyevin təşəbbüsü ilə ilk növbədə Azərbaycan Tibb İnstitutuna və tibb məktəblərinə tələbə qəbulu artırıldı, tibbi kadrlara ehtiyac olan ucqar bölgələrdən gələn abituriyentlər üçün güzəştlər tətbiq edildi. Bununla da rayonların səhiyyə müəssisələrində kadr çatışmazlığı tədricən aradan qalxmağa başladı. Mən özüm də səhiyyəmizin intibah dövründə təhsil almışam. Bu inkişaf və tərəqqi gözümün qarşısında olub. Ümummullu Liderimizin Azərbaycana rəhbərlik etdiyi bütün dövlərdə, xüsusən xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtdığı 1993- cü ildən sonra digər sahələrdə olduğu kimi səhiyyə inkişafı sahəsində də imzası vardır. Ulu öndərin siyasi iradəsi, iqtisadi strategiyası, uzaq görən siyasəti nəticəsində dünyanın qabaqcıl neft şirkətləri ilə “Əsrin Müqaviləsi” bağlandı. Artıq 30 ilə yaxındır ki, xalqımız ulu öndərin bu addımının bəhrəsini görür.
Məhz Heydər Əliyevin xüsusi diqqət və qayğısı sayəsində müstəqillik dövründə ölkəmizdə səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması sahəsində,ardıcıl və məqsədyönlü işlər görüldü, islahatlar aparıldı. Həmin məqsədlə ölkəmizdə “Əhalinin sağlamlığının qorunması haqqında”, “Qan və onun komponentlərinin donorluğu haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının alınması haqqında”, “Əczaçılıq fəaliyyəti haqqında”, “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında”, “Tibbi sığorta haqqında” və s. qanunlar işlənib hazırlandı və Milli Məclis tərəfindən qəbul edildi.
Heydər Əliyevin prezidentliyi dövründə səhiyyəmizin maddi–texniki bazasının gücləndirilməsi istiqamətində də xeyli iş görüldü, o cümlədən bir sıra tibb müəssisələrində təmir–tikinti işləri aparıldı, bəzi səhiyyə ocaqları yeni avadanlıq və cihazlarla təchiz edildi. O illərdə bu sahədə ən diqqətəlayiq hadisələr—Azərbaycan Tibb Universitetinin yeni korpusunun istifadəyə verilməsi və müasir dünya standartlarına cavab verən Mərkəzi Klinik Xəstəxananın açılışı isə ümummilli liderin Azərbaycan xalqının sağlamlığına göstərdiyi qayğının ən parlaq təcəssümü oldu.
Bu gün digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də ulu öndərin siyasi kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir .
Dövlət başçısının səhiyyəmizə diqqət və qayğısı, Azərbaycan xalqının sağlamlığının qorunması yolunda atdığı mühüm addımlar, ümumiyyətlə, ölkədə həyata keçirilən sosialyönümlü siyasət ulu öndərin bu istiqamətdə müəyyən etdiyi strategiyanın uğurla davam etdirilməsinin parlaq təzahürüdür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bölgələrə səfərləri zamanı Salyan rayonuna gəlişi çərçivəsində iki dəfə rayon mərkəzi xəstəxanasında olmuş, insanlarımızın sağlamlığına xidmət edəcək müalicə korpuslarının açılışını etmiş, kollektivə xeyir- dua vermişdir. Hazırda Rüblük Hüquqi Şəxs olan Salyan Rayon Mərkəzi Xəstə xanasında müasir diaqnostika və müalicə üsulları tədbiq olunur. İnsanlarımız icbari sığortanın yaratdığı imkanlardan maksimin istifadə etməklə sağlamlıqlarını bərpa edirlər.
“Mən istəyirəm ki, hər bir insan yaxşı yaşasın, hər bir insanın maddi imkanları artsın, uşaqlar yaxşı məktəblərdə oxusunlar, müəllimlər yaxşı məktəblərdə dərs desinlər. Həkimlər gözəl xəstəxanalarda işləsinlər və insanlarımız da sağlam olsunlar”,—deyən Prezident İlham Əliyev bu istəklərini gerçəkləşdirmək üçün biz də qüvvəmizi və səylərimizi əsirgəməcəyik.
İlqar AĞABƏYOV, Salyan MRX Publik Hüqiqi Şəxsi,
travmatoloq