Oktyabrın 30-da Böyük Qayıdış proqramı çərçivəsində Laçına növbəti köç prosesi gerçəkləşib. Laçın şəhəri bu dəfə 20 ailəyə qucaq açıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün daha 70 laçınlının yurd həsrəti bitib. 31 ildən sonra yenidən Laçına qədəm qoyan ailələr sevinc göz yaşları ilə öz doğma yurduna qovuşub. Onlar şəhərdə böyük coşqu ilə qarşılanıblar.
Daha da gözəlləşən və abadlaşan Laçına qovuşan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.
Qeyd edək ki, bu mərhələdə Bakı və Sumqayıtda məskunlaşmış 16 ailə olmaqla 59 nəfər, Beyləqan və Şamaxı rayonlarında məskunlaşmış 4 ailə olmaqla 11 nəfər Laçın şəhərinə qayıdıb.
Bununla da Laçın şəhərində 315 ailə, yəni 1205 nəfərin daimi məskunlaşması təmin edilib. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.