ANAKUR.AZ xəbər verir ki, respublikamızın digər tibb müəssisələrində olduğu kimi Salyan rayonunda da bu təhlükəli virusa qarşı mübarizə məqsədilə zəruri tədbirlər həyata keçirilmişdir
Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin direktoru Ramin Qasımov bildirib ki,vaksinasiya dövründə əhali üçün normal şərait yaratmaq məqsədi ilə 3 xüsusi vaksinasiya otağı, əlavə olaraq müşahidə, təcili və təxirəsalınmaz yardım otaqları yaradılmışdır. Təhlükəsizliyinə və effektivliyinə görə seçilən “Sinovac” vaksini Azərbaycana, o cümlədən Salyana da gətirilmişdir:
“Rayonumuzda ilk növbədə, mən peyvənd olundum. İlk dəqiqələrdən də özümü yaxşı hiss etmişəm, heç bir yan təsiri yoxdur. Hazırda iş başındayam və fəaliyyətimi lazımı səviyyədə davam etdirirəm.Tövsiyyə edirəm ki, hamı vaksinasıyada fəal iştirak etsin. Çünki, bu xəstəlikdən yeganə qurtuluş yolu kütləvi vaksinasiyadan keçməkdir”.
Direktor müavini Nurlan Hüseynov vaksinasiya ilə əlaqədar xəstəxanada lazımi şəraitin yaradıldığını vurğulayaraq bildirib ki,TƏBİB tərəfindən rayona göndərilən vaksinlərdən ilk dəfə risk qrupuna daxil olan tibb işçilərinin peyvəndlənməsində istifadə olunmuşdur. Rayonda 1420 tibb işçisi çalışır. İlk olaraq tibbi göstəriş olan 748 nəfər səhiyyə işçisi arasında peyvəndləmə könüllü olaraq başa çatdırılmışdır.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib. Strategiyaya uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət peyvəndlənəcək. Strategiyanın əsas məqsədi ölkədə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.
Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və nəticədə səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir.