Parlamentimiz və deputatlarımız son bir ildə hansı məsələləri həll edib və 2021-ci ildə qanunvericilik və ictimai həyyatda hansı yeniliklər gözlənilir?
Anakur.az-ın əməkdaşı bu barədə 59 saylı Salyan seçki dairəsi üzrə VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Jalə xanım Əhmədovaya müracət etmişdir.
Jalə Əhmədova: Yola saldığımız parlament ili sanıram ki, Azərbaycan xalqının tarixində və taleyində çox məsuliyyətli bir dövr kimi qaldı. Parlament seçkilərindən sonra dünyanı bürüyən pandemiya və onun doğurduğu məhdudiyyətlər respublikamızda da tədbiq olunmağa başladı və hazırda da davam etməkdədir.
44 günlük Zəfərimiz isə tarixlimizə qızıl səhifə kimi yazıldı. Bütövlükdə Milli Məclisin rəhbərliyi, komitə və komissiyaları, xüsusilə deputat həmkarlarım üzərlərinə düşən vəzifələrin öhdəsindən lazımınca gələ bildilər. Odur ki, parlamentin bir illik fəaliyyətini çox yüksək qiymətləndirirəm. Bu dövr ərzində 250-dən çox qanun lahiyəsi qəbul olunmuşdur. 2021- ci ilin iş planı da çox zəngindir. Bir deputat kimi isə son bir ildə gördüyüm işlər bunlardır:
“Ötən ilin əvvəlində dünyanı cənginə alan pandemiya ölkəmizdən də yan keçmədi və 2020-ci il hər birimiz üçün ağır bir il oldu. Amma buna baxmayaraq, deputat seçildiyim 59 saylı Salyan seçki dairəsinə daxil olan Salyan şəhərində və 17 kənddə yaşayan seçicilərimi yalnız buraxmadım. Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında koronavirus pandemiyası dövründə atılan uğurlu addımlara dəstək olaraq, virusun yaratdığı fəsadlardan Salyan əhalisi arasında ən çox əziyyət çəkmiş seçicilərimin yanında oldum. Bununla yanaşı, həmin insanlara dəstək məqsədi ilə sosial şəbəkə hesablarımdan və ATV telekanalından sahibkarları və digər yardımsevər vətəndaşlarımızı tərəfimizdən başladılmış “Yardımlaşma Aksiyasına” qoşulmağa səslədim və aksiya çərçivəsində toplanmış 5 min manatdan çox vəsait aidiyyatı üzrə paylanılıb.
Həmçinin sosial şəbəkə hesablarım vasitəsi ilə Milli Məclisin Sessiyalarında müzakirə edilən ən önəmli məsələlərlə bağlı seçicilərim məlumatlandırılıb. Seçici müraciətlərinin hər birinə fərdi yanaşmış, səlahiyyətlərim çərçivəsində müsbət həllinə çalışmışam.
Müasir, demokratik Azərbaycan Respublikasının Lideri olan cənab Prezidentimiz İlham Əliyevin vermiş olduğu Sərəncamlar, Fərmanlar, qəbul edilmiş Dövlət Proqramları birbaşa Azərbaycanın iqtisadi qüdrətinin artırılması və Azərbaycan xalqının sosial rifahının yaxşılaşdırılmasına yönəlib. Belə ki, Dövlət Proqramları çərçivəsində kəndlərimiz qazlaşdırılır, su və enerji təchizatı yaxşılaşdırılır, internet və rabitə xətləri çəkilir, yollar asfaltlaşdırılır, yeni məktəblər, uşaq bağçaları tikilib istifadəyə verilir. Təbii olaraq Azərbaycan xalqı görülən bütün bu işləri yüksək dəyərləndirir və alqışlayır.
Bununla belə, kəndlərdə hələ də bəzi çatışmazlıqlar, problemlər mövcuddur.
Belə ki, 11 ildir salınmış və qazlaşdırılmamış Gilan qəsəbə sakinləri illər idi mavi yanacaq problemi ilə yaşayırdılar. Onların bu qış aylarında əziyyət çəkməmələri üçün məsələni aidiyyatı qurumların diqqətinə çatdırdım və məsələ tez bir zamanda həllini tapdı. Buna görə cənab Prezidentin köməkçisi Məhərrəm Əliyevə və SOCAR-ın rəhbərliyinə öz təşəkkürümü bildirirəm.
Ötən, 2020-ci il seçicilərimi narahat edən digər bütün məsələlərin və problemlərin müsbət həlli üçün nə mümkünsə etməyə çalışdım. Həmçinin aidiyyatı dövlət orqanlarına deputat sorğusu göndərərək kəndlərdə mövcud olan qaz, işıq, su, yol, rabitə, məktəb və s. problemlərin qanunvericiliyə uyğun həll olunmasına köməklik göstərmələrini xahiş etmişəm.
Təhsil Naziri cənab Emin Əmrullayev ilə görüşərək Salyan rayonunun təhsil sahəsindəki mövcud vəziyyəti və gələcək inkişafına dair ətraflı müzakirələr aparmışıq.
Aqrar İnkişaf Könüllüləri Təşkilatının sədri ilə Salyan rayonunun gənclərinə və aqrar sahədə fəaliyyət göstərən sahibkarlara dəstək məqsədi ilə yeni layihələr üzrə işlər aparırıq. Həmçinin 59 saylı Salyan seçki dairəsində yerləşən bələdiyyələrin fəaliyyəti ilə bağlı bələdiyyə sədrlərinin iştirakı ilə tərəfimdən “Salyan bələdiyyələrinin fəaliyyətində yaranan maneələr” mövzusunda video-konfrans təşkil edilib.
Azərbaycan-Estoniya Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun rəhbəri olaraq video-konfrans keçirmiş, hazırlanmış Parlamentlərarası Əməkdaşlığa dair Yol Xəritəsini baxılması üçün Estoniya tərəfinə təqdim etmişəm.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında Azərbaycan Nümayəndə Heyətinin və adıçəkilən qurumun Hüquq və Siyasi İşlər Komitəsinin üzvü olaraq bütün keçirilmiş video-görüşlərdə aktiv iştirak etmişəm.
İtaliyadan Azərbaycana gəlmiş deputat və senatorlardan ibarət nümayəndə heyəti ilə görüşmüş, Azərbaycan-İtaliya Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun üzvü olaraq mənə ünvanlanmış müraciətlər əsasında İtaliyanın ali təhsil müəssisələrinə qəbul olmuş Azərbaycanlı tələbələrin 2020-ci ildə yaranmış bəzi problemlərini Azərbaycanın İtaliyadakı konsulu ilə birlikdə ən qısa zamanda həll etmişik.
Sentyabrın 27-də Azərbaycanın əks hücumu ilə başlayan və Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Rəşadətli Azərbaycan Ordusunun zəfəri ilə başa çatan Vətən Müharibəsi günlərində Şanlı Ordumuza dəstək məqsədi ilə “Silahlı Qüvvələrə Dəstək: Bir Vətəndaş - Bir Manat” adlı aksiya keçirmiş və aksiya çərçivəsində toplanmış 10.000 manatdan çox vəsaiti Azərbaycanın Silahlı Qüvvələr Fonduna ianə etmişik.
44 günlük Vətən Müharibəsi dövründə işğalda olan torpaqlarımızın azadlığı naminə hər birimiz cənab Ali Baş Komandan və Azərbaycan Ordusunun ətrafında bir yumruq kimi birləşdik. Milli birliyin və həmrəyliyin hökm sürdüyü həmin günlərdə sıravi vətəndaşların başlatdığı “Orduya Dəstək” aksiyasına qoşulmuş və şəxsi vəsaitim hesabına cəbhədə vuruşan əsgər və zabitlərimizə göndərmək üçün dərman preparatları almışam.
Əsgər anası kimi, ASAN xidmət tərəfindən başladılmış “Əsgərə Məktub” layihəsində yaxından iştirak etmişəm.
Vətən Müharibəsi zamanı “Twitter” hesabım vasitəsi ilə beynəlxalq arenada aktiv təbliğat aparmış, həmçinin Estoniya Parlamentinə Qarabağ həqiqətləri, ermənilərin təcavüzkar və işğalçı siyasəti, torpaqlarını işğaldan azad edən Azərbaycanın bu müharibədə haqlı tərəf olduğunu əks etdirən müvafiq məktublar göndərmişəm.
Şanlı qələbəmizdən sonra bir neçə millət vəkilinin və 34 müəssisəni təmsil edən 60 nəfər gəncin iştirak etdiyi “Zəfər gəncləri” adlı video-konfrans təşkil etmişəm.
Mən, seçicilərimi, nə müharibə günlərində, nə də qeyri-günlərdə diqqətdən kənarda qoymadım. Seçki dairəsinin ərazisində yaşayan bütün şəhid ailələrinə və qazilərə baş çəkdim, dərdlərinə şərik oldum. Onları narahat edən məsələləri nəzarətə götürərək həll olunması üçün köməkliyimi əsirgəmədim və bundan sonra da əsirgəməyəcəm. Seçicilərimin etimadını doğrultmaq üçün fəaliyyətimi bu istiqamətdə davam etdirəcək, cənab Prezidentimiz İlham Əliyevin dövlətimizin inkişafı və xalqımızın rifah halının yüksəldilməsi ilə bağlı gördüyü bütün işlərə bacardığım qədər öz töhfəmi verəcəyəm.
Anakur.az saytının yaradıcı kollektivi də hörmətli deputatımıza gələcək işlərində yeni nailiyyətlər arzu edir.