Azərbaycan Ordusunun cəbhədəki uğurları xalqımız tərəfindən böyük sevinclə qarşılanır
Rüstəm Məlikov
Anakur.az saytının baş redaktoru, Ali Media mükafatı laureatı
Sentyabrın 27-də səhər saatlarından etibarən Ermənistan ordusunun həyata keçirdiyi təxribatlar Azərbaycan Ordusunun əks-hücum əməliyyatı ilə nəticələnib. Artıq ordumuzun həyata keçirdiyi sürətli əks-hücum nəticəsində işğal altındakı kən və qəsəbələrimiz erməni terrorçuları tərəfindən azad edilir, bir sıra yüksəklik ələ keçirilir.
Cəbhədə baş verənlər Azərbaycan Ordusunun, Prezident, Ali Baş Komandan İlham Əliyevin və xalqımızın böyük uğuru hesab edilməlidir. Ordumuzun əks-hücumları nəticəsində kəndin işğaldan azad edilməsi, Murov yüksəkliyinin fəth edilməsi, Füzuli rayonunun azad edilməsu uğrunda gedən döyüşlər Silahlı Qüvvələrimizin böyük uğurudur və bu, xalqımız tərəfindən böyük sevinclə qarşılanıb. Uğurlu əks-hücum əməliyyatlarının davam etdiyini nəzərə alsaq, əminliklə deyə bilərik ki, yaxın vaxtlarda Azərbaycan Ordusunun hərbi uğurları daha da genişlənəcək və yeni ərazilərin işğaldan azad edilməsi ilə nəticələnəcək.
Prezident, Ali Baş Komandan İlham Əliyev dəfələrlə Ermənistana xəbərdarlıq edib, işğalçını hərbi təxribatlardan əl çəkməyə, mülki obyektlərin atəşə tutulmasını dayandırmağa, atəşkəs rejiminin qaydalarına əməl etməyə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində Azərbaycan tərəfinin səylərinə adekvat reaksiya verməyə səsləyib. Lakin rəsmi İrəvan Azərbaycan tərəfinin bu çağırışlarına əməl etməyərək təxribatlarını davam etdirib. Bu da Ordumuzun bütün cəbhəboyu əks-hücumu keçməsi ilə nəticələnib.
Ordumuzun ortaya qoyduğu əzm və iradə bir daha Azərbaycanın işğal faktı ilə barışmayacağını və düşməni silah gücünə də olsa, bu torpaqlardan çıxaracağını, dövlətimizin ərazi bütövlüyünü təmin edəcəyini göstərdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan xalqına müraciəti, habelə Təhlükəsizlik Şurasının iclasındakı çıxışı da göstərdi ki, dövlətimiz təxribatların qarşısını almaq üçün lazımi güc və qətiyyətə sahibdir və bu istiqamətdə bundan sonra da zəruri addımları atacaq.
Baş verənlərə görə bütün məsuliyyət işğalçı, təxribatçı Ermənistanın üzərinə düşür və beynəlxalq təşkilatlar, dünya birliyi buna görə işğalçı dövlətə layiq olduğu münasibəti sərgiləməli, müxtəlif sanksiyalar, cəza mexanizmləri vasitəsilə beynəlxalq hüquqa meydan oxuyan İrəvana yerini göstərməlidir. Hər kəs bilsin ki, Azərbaycan xalqı Ali Baş Komandanının yanındadır və onun hər bir əmrini şərəf və qətiyyətlə həyata keçirməyə hazırdır. İnanıram ki, Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları işğal altındakı bütün torpaqlarımızın azadlığı ilə nəticələnəcək, Azərbaycan xalqının haqq işi qələbə çalacaq.