Qarabağ Müharibəsi Veteranları və Şəhid Ailələri İctimai Birliyi Salyan rayon filialının rəhbəri:
Sentyabrın 27-də səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Şəxsi heyət və tank bölmələrimiz raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsini, hərbi obyektlərini və döyüş texnikasını aşkarlayaraq məhv ediblər.
Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır. Güclü maddi-texniki baza və müasir silah-sursatla təmin olunan ordumuz məhz Prezident, Ali Baş Komandan İlham Əliyevin iradəsi və qayğısı sayəsində formalaşıb. İndi biz ordumuzda vətənpərvər, cəsur və mərd oğulların xidmət etdiyinin daim şahidi oluruq.
Ordumuzu məğlubedilməz edən "Öncə Vətəndir!" deyən oğullarımızdır. Ordumuzu yenilməz edən həm də onun güclü silah-sursata və texnikaya sahib olmasıdır. Azərbaycan əsgərinin ən güclü silahı onun vətənpərvərliyidir. Çünki əsgərlərimizin hərbi-vətənpərvərlik ruhu sarsılmazdır. Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində düşmən əsgərləri artıq silahlarını döyüş meydanında qoyub qaçırlar.
Azərbaycan Ordusunun cəbhədəki uğurları, düşmənlə təmas xəttində vətənpərvər əsgərlərimizin göstərdiyi döyüş şücaəti, qətiyyəti, məğrurluğu hər birimizə sevinc hissi yaşadır. Artıq Azərbaycan xalqının illərdir gözlədiyi Böyük Qələbənin işartısı görünür. Hər kəsdə ruh yüksəkliyi, orduya inam, qələbəyə əminlik hissi sarsılmaz ordumuzu qələbəyə ruhlandırır. Hamı inanır ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz tez bir zamanda yağı düşməni doğma torpaqlarımızdan qovacaq, bizə zəfər bayramı yaşadacaq.
Biz birlikdə güclüyük. Bu gün çoxsaylı veteranlarımız da Prezident İlham Əliyevin əmrlərinə hər an müntəzirdir. İşğal altındakı torpaqlarımızın azad olunmasında ölümə getməyə tərəddüd etməyən veteran ordusu Vətənimiz uğrunda döyüşməyə hazırdır.
Bir Qarabağ müharibəsi veteranı, bir zabit atası kimi cox qürurluyam. Oğlum, palkovnik-leytenant Əlyar Əskərov döyüş təyyarəsi idarə edir. Deyir ki, qələbə bizimlədir.
Bütövlükdə bütün xalqımız sanki bir döyüş növbəsindədir. Çünki biz birlikdə güclüyük. Qələbə Azərbaycan xalqınındır. Ordumuz azad etdiyi döğma torpaqlarda üç rəngli bayraqlarımızı dalğalandırdıqca ürəyimizi fərəh bürüyür. Doğma Şuşamızda və diğər rayonlarımızdan da qələbə xəbərini gözləyirik.