Məlum olduğu kimi, Ermənistanın işğalçılıq siyasəti nəticəsində təkcə torpaqlarımız işğal edilməyib, eyni zamanda Azərbaycan xalqına məxsus çoxəsrlik qədim tarixi-dini abidələr dağıdılaraq yerlə-yeksan edilib, onların bir qismi isə saxtalaşdırılıb. Təcavüzkar dövlətin bu cür vandal əməllərə əl atmaqda əsas məqsədi xalqımızın minilliklər ərzində yaşadığı torpaqlarda həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı məhv etmək olub. Bütövlükdə, 200 ildən artıq müddətdə Azərbaycan xalqına qarşı davam etmiş erməni təcavüzünün qurbanları həm də tarixi-dini abidələr, müqəddəs ocaqlar və məbədlər olub. Azad edilmiş ərazilərimizdə bütün dünya bir daha tarixi, mədəni və dini abidələrimizə qarşı erməni vəhşiliyinin şahidi oldu.
Sentyabrın 27-dən etibarən şanlı Azərbaycan Ordusunun əks-hücum əməliyyatları nəticəsində torpaqlarımız erməni işğalından azad edildi. Azad edilmiş ərazilərimizdə bütün dünya bir daha tarixi, mədəni və dini abidələrimizə qarşı erməni vəhşiliyinin şahidi oldu.
Göründüyü kimi, Ermənistan Azərbaycan xalqına məxsus tarixi-dini abidələrə qarşı təcavüzünü müxtəlif istiqamətlərdə aparıb. Belə ki, milli mənsubiyyəti və dini ənənələri özündə əks etdirən abidələr tamamilə dağıdılıb və ya özgələşdirilib, dəyişdirilməsinə cəhdlər edilib. İşğal altındakı müsəlman dini kimliyinə aid olan abidələr, o cümlədən digər mədəniyyət nümunələri dağıdılmaqla yanaşı, həm də təhqir olunub. İşğaldan azad olunmuş ərazilərdəki məscidlərdə donuz, mal-qara saxlanılıb, eyni zamanda, Qafqaz Albaniyasına məxsus məbədlər erməniləşdirilərək qriqoryanlaşdırılıb.
Təcavüzkar Ermənistan rəhbərliyinin təşkilatçılığı ilə Xocavənd rayonunda yerləşən Azıx mağarasında, Ağdam rayonunda yerləşən Şahbulaq qəsrinin yaxınlığında xarici ölkələrdən olan mütəxəssislərin də daxil edildiyi saxta arxeoloji ekspedisiyalar tərəfindən qanunsuz qazıntı işləri təşkil olunmuşdur. Eyni zamanda Ermənistan tərəfi daha bir təxribata əl ataraq Şuşa şəhərindəki Yuxarı Gövhər ağa məscidində “bərpa” işləri adı altında abidənin tarixini saxtalaşdırmaqla məşğul olmuş, xalqımıza məxsus bu tarixi tikilinin fars məscidi olmasını iddia etmişdir. Məqsəd isə iki qonşu və dost xalqı bir-birinə qarşı qoymaq idi.
Ermənistan tərəfinin vandalizmi yalnız müsəlman tarixi dini-memarlıq abidələrinə deyil, həmçinin xristian tarixi-dini abidələrinə münasibətdə də özünü göstərmişdir. Belə ki, Kəlbəcər rayonunda yerləşən Xudavəng və Gəncəsər monastırları da daxil olmaqla Qafqaz Albaniyasına aid bir çox məbədlər mənimsənilərək vandalizmə məruz qalmışdır. Xudavəng monastırına aid Arzu xatun kilsəsinin şərq divarındakı, Xudavəng monastırının incisi hesab olunan freska xüsusi üsullarla kəsilərək götürülmüşdür. Gəncəsər monastırında aparılmış qanunsuz təmir işləri nəticəsində onun əzəli görkəminə zərər dəymişdir.
Bütün bunlar isə onu göstərir ki, Ermənistanın xalqımızın mədəni-tarixi, dini irsinin məhv edilməsinə yönəlmiş cinayət əməlləri bəşəriyyətə qarşı soyqırımıdır. Bu əməllərinə görə işğalçı Ermənistan beynəlxalq hüquq qarşısında cavab verməlidir və verəcək.
Aqşin Qasımov,
Salyan Gənclər və İdman İdarəsinin rəis müavini.