Salyan rayon ictimaiyyətinə ağır itki üz vermişdir. Təkcə Salyanın deyil, bütöv bölgənin hörmətini qazanmış tanınmış həkim, bacarıqlı loğman Ramazan Şiralı oğlu Əhmədov 70 yaşında qısa sürən xəstəlikdən sonra dünyasını dəyişmişdir.
"Anakur.az" bildirir ki, R.Əhmədov 1950-ci il noyabrın 4-də Salyan rayonunda ziyalı ailəsində dünyaya gəlmişdir. 1957-1967-ci illərdə zəngin təhsil ənənələri olan Salyan şəhər 3 saylı orta məktəbdə təhsil almışdır. 1967-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Tibb Universitetinin) müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. Təhsil illərində özünü savadlı və təşəbbüskar tələbə, fəal ictimaiyyətçi gənc kimi göstərmişdir. 1973-cü ildə ali təhsilini başa vurduqdan sonra təyinatla doğma rayonuna göndərilmişdir. Rayon mərkəzi xəstəxanasında həkim-travmatoloq kimi fəaliyyətə başlayan Ramazan Əhmədov çox qısa bir müddətdə həm çalışdığı kollektivin, həm də rayon əhalisinin böyük hörmət və ehtiramını qazanmışdı.
Ramazan həkim işlədiyi dövrdə öz peşəsinin incəliklərini öyrənmək üçün dəfələrlə təkmilləşdirmə kurslarında olmuş, travmatologiya sahəsində qabaqcıl yenikləri mənimsəyərək işində tədbiq etməyi bacarmışdır. O, özünün səmimiyyəti, gülər üzü, xəstəyə mehriban münasibəti və peşəkar müalicə üsulları qəlblərdə özünəməxsus məhəbbət oyada bilmiş, insanların böyük hörmət və sevgisini qazanmışdı. Salyanda və bölgədə demək olar ki, hər ailədə onun tanıyır və sevirdilər. Yüzlərlə oğlan uşaqlarının tibbi yola və təmənnasız sünnət edilməsində onun müstəsna əməyi olmuşdur.
Ramazan həkim fəal ictimaiyyətçi idi. Uzun illər Yeni Azərbaycan Partiyasının üzvü kimi rayonun ictimai-siyasi həyatında fəal iştirak etmiş, partiyanın yaradıcısı, qurucusu Ulu öndər Heydər Əliyevin ideyalarına daim sadiq qalmış, partiya tərəfindən verilən tapşırıqların vaxtında və yüksək səviyyədə yerinə yetirilməsində yorulmaz fəaliyyət göstərmişdir
Rayon mərkəzi xəstəxanasında YAP Salyan rayon ərazi partiya təşkilatının sədri kimi də səhiyyə işçiləri arasında geniş ideoloji iş aparmış, gənclərin partiya sıralarına daxil olmasında, onlarda yurdsevərlik duyğularının, vətənpərvərlik hisslərinin aşılanmasında diqqətəlayiq işləri ilə fərqlənmişdir.
Tariximizə Vətən müharibəsi kimi daxıl olmuş 44 günlük zəfər günlərində rayon mərkəzi xəstəxanasında müalicə olunan hərbçilərimizin tezliklə sağalaraq cəbhəyə qayıtmaları üçün bir həkim kimi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir. Ramazan Əhmədov birinci Qarabaq müharibəsidə də könüllü həkim kimi dəfələrlə cəbhə bölgəsinə gedərək torpaqlarımızın müdafiəsində iştirak edən hərbçilərimizə lazımı tibbi xidmət və mənəvi dəstək göstərmişdir.
Ramazan Əhmədovun tibb sahəsindəki fəaliyyəti dəfələrlə fəxri fərmanlarla, qiymətli hədiyyələrlə təltif edilmişdir. Xalqımız da onun dəyərini öz doğması kimi verməkdədi. Onu tanıyanların hamsı bu yoxluğu öz şəxsi itkisi kimi qəbul etmiş və ona allahdan rəhmət diləmişdir.
Ramazan həkim səmimi ailə başçısı idi. 1973-cü ildə Azərbaycanın Xalq artisti Həsən Məmmədovun bacısı Sevil xanımla ailə həyatı qurmuş Ramazan həkimin iki oğul övladı, üç nəvəsi var.
Yüksək ixtisaslı həkim, dəyərli ziyalı Ramazan Əhmədovun əziz xatirəsi onu tanıyanların qəlbində uzun illər yaşayacaqdır.
Rüstəm Məlikov, "Anakur.az" saytının baş redaktoru, Ali media mükafatı laureatı