Azərbaycan Ordusunun cəbhədə Ermənistan Silahlı Qüvvələrinə sarsıdıcı zərbələr vurması, bir sıra yaşayış məntəqələrini azad etməsi, əldə etdiyi digər qələbələr vətəndaşlarımız, xaricdə yaşayan soydaşlarımız, həmçinin, bir sıra digər ölkələrin vətəndaşları tərəfindən də böyük sevinclə qarşılanır. Onlar sevinc və qürur hisslərini Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə yazdıqları məktublarda ifadə edirlər. Prezidentə ünvanlanan məktublar arasında həmyerlilərimizin də imzalarını görmək qürurvericidir. Rayon sakinlərindən Nəsib Qarayev, Vüqar Ağayev, daşqın Cəbiyev, Vəliyyət Məmmədov, Xalidə İsmayılova, Sitarə Təhməzova, Aytən Ağalarova, Mehdi Həsənov, Elnur Hüseynov, Əliağa Yunusov, Tahir Gülnəzərov, Razıgül Dadaşova, Günay Əbilova, Gülər Quliyeva və başqaları yazdıqları məktublarda Ali Baş Komandanın ətrafında yumruq kimi birləşdiklərini bildirirlər.
Möhtərəm cənab prezident,
İlk öncə sizə vətəndaşlarımıza göstərdiyiniz diqqət və qayğıya görə təşəkkür edirəm. Mən bir şəhid atası olaraq sizinlə fəxr edirəm ki, mənim oğlumun 1994-cü ildə 1-ci Qarabağ müharibəsində şəhid olduğu Murov dağı sizin göstərişiniz əsasında şanlı ordumuzun gücü ilə düşmən tapdağından azad edildi və yağı düşmənlərdən təmizləndi. Beləliklə mənim oğlumun və orada şəhid olanların hər birinin qanı alınmış oldu. İnanıram ki, bütün işğalda olan rayonlarımızın hər biri mənfur düşmənlərimizdən alınacaq. Mən Salyan rayonu Sarvan kəndi əhalisi adından bildirmək istəyirəm ki, biz həmişə sizə dəstək olmuşuq və olacağıq. Həmçinin mən tam səmimiyyətimlə deyirəm ki, günü bu gün var gücümlə ordumuza dəstək olub döyüşməyə hazıram. Sizə bir daha bu şərəfli yolda uğurlar arzulayıram. Yaşasın Azərbaycan, Qarabağ Azərbaycandır!
Hörmətlə,
Qaraşov Cahangir Bahadur oğlu.
Salyan rayonu, Sarvan kəndi.
Cənab İlham Əliyev, çox hörmətli Ali Baş Komandan!
Dövlətimiz üçün ağır, lakin gələcəyə böyük ümid yaradan bu günlərdə xalqımızın yumruq şəklində öz Ali Baş Komandanı ətrafında birliyini görmək çox xoş olmaqla yanaşı məndə ölkəmizin gələcəyinə böyük ümidlər yaradır.
Hamı kimi mənim də sevincimin həddi-hüdudu yoxdur.
Yaşımdan asılı olmayaraq, ehtiyatda olan bir zabit kimi mən də ordu sıralarında olmağı çox arzulayıram.
Gənclərimizin səfərbər olaraq ordu sıralarında torpaqlarımızın azadlığı uğrunda vuruşmaları məni hədsiz qürurlandırır və fərəhləndirir. Sizin komandanlığınız altında mübariz əsgər və zabitlərimizin düşmənə sarsıdıcı zərbələr vurması bizi hər gün zəfərə bir addım daha yaxınlaşdırır.
Yaşasın müstəqil Azərbaycan! Yaşasın Ali Baş Komandanımız və müzəffər Ordumuz!
Hörmətlə,
Ağayev Məhəmməd Rəfi oğlu.
***
Hörmətli cənab Ali Baş Komandan.
Sizin rəhbərliyinizlə Azərbaycanın Silahlı Qüvvələri müstəqillik tarixinin ən şərəfli yolunu keçir. Ard-arda gələn qələbə xəbərləri Vətənimizə, vətəndaşlarımıza böyük qürur verir. Siz Azərbaycanı alınmaz qalaya, Ordumuzu yenilməz qüvvəyə çevirmisiniz. Artıq Azərbaycan Ordusu böyük addımlarla zəfərə doğru irəliləyir. Şəxsən mən Qarabağ müharibəsi əlili olsam da, bir Azərbaycan övladı kimi döyüşə hazıram. Ali Baş Komandanlığınızla doğma torpaqlarımızın azadlığa qovuşmasına görə və bizə bu böyük sevinci yaşatdığınız üçün öz adımdan və rayonun Qarabağ qaziləri adından Sizə dərin təşəkkürümü bildirirəm. Allah Azərbaycan Ordusunu və Sizi qorusun!
Hörmətlə,
Arif Əsgərov
Qarabağ Müharibəsi Əlilləri,
Veteranları və Şəhid Ailələri
İctimai Birliyinin Salyan rayon
təşkilatının sədri, II qrup Qarabağ müharibəsi əlili.