Salyan rayonunda fəaliyyət göstərən “Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilirəcək “Şirvan Milli Parkının və Babazanan yüksəkliyinin ekoturizm imkanlarının təbliği təşəbbüslərinin dəstəklənməsi” layihəsinin icrasına start vermişdir. Bu münasibətlə Salyan rayonunun Əli bəy Hüseynzadə adına Tarix Diyarçünaslıq Muzeyində təqdimat mərasimi keçirilmişdir. Tədbirdə rayonun icra orqanlarının, bələdiyyə qurumlarının, təhsil, mədəniyyət, ekoloji istiqamətdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatalarının, nümayəndələri,KİV təmsilşiləri və “Ana Kür” İctimai Birliyinin üzvləri, layihə icra olunacaq kəndlərin tam orta məktəblərinin müəllimləri iştirak etmişlər.
İctimai Birliyin sədri və layihə rəhbəri Rüstəm Məlikov çıxış edərək icra olunacaq layihənin ideya və məqsədləri, layihə çərçivəsində görüləcək işlər, gözlənilən nəticələr barədə məlumat vermiş, iştirakçıları icranın fəaliyyət planı ilə tanış etmişdir.
Çıxış edənlər Salyan Rayon İcra Hakimiyyətinin məsul işçisi Sevinc Səmədova, veteran ekoloq Nadir Rüstəmov, Şirvan Milli Parkının direktor müavini Seymur Kərimov, rayon ağsaqqallar şurası sədrinin müavini Məhəmməd Ağayev, rayon ziyalılar birliyinin sədri Allahverdi Piriyev, rayon uşaq gənclər inkişaf mərkəzinin direktor müavini İlhamə Xudazarova, Yenikənd kənd tam orta məktəbin coğrafiya müəllimi Sənan Fərəcov çıxış edərək layihənin ekoturizmin təşkili sahəsində ənənəsinin nisbətən az olduğu Salyan rayonunda bu sahənin təbliği və təşkilinə dəstək verəcəyini bildirmiş, layihə komandasına işlərində uğurlar arzulamışlar
.
Qeyd edilmişdir ki, tutulan layhənin uğurlu icrası üçün Şirvan Milli Parkında, həmçinin Babazanan yüksəkliyində ekoturizm üçün təbii şərait vardır.
Layihənin Şirvan Milli Parkının ərazisinə yaxın olan Yenikənd, Qardili, Kürsəngi kəndlərini də əhatə etməsi burada ekoturizm üçün mövcud infrastrukturun daha da inkişaf etdirilməsinə, yerli ənənəvi xalq sənəti nümunələrinin inkişafına, əhalinin məşğulluğunun artırılmasına, kəndlərdə turizm işinə maraq göstərən könüllülərin yaranmasına, nəhayət kəndlərimizin sosial-iqtisadi dayanıqlılığının daha dolğun təmin edilməsi kimi son nəticəyə hesablanmış təşəbbüslərə dəstək verməsinə şərait yaradacaqdır. İcra müddətində Şirvan Milli Parkının sərhədləri yaxınlığındakı kəndlərin müxtəlif yaş qruplarına aid olan sakinləri, tam orta məktəblərin şagird və müəllim kollektivləri qruplarla Milli Parka və Babazanan yüksəkliyində mövcud qədim insan məskənlərinə, palçıq vulkanları və “İsti Su” yerləşən ərazilərə təşkil ediləcək ekoturlarda iştirak etməklə ərazinin turizm imkanlarına daha yaxından bələd olacaqlar, fəal istirahətlə yanaşı ətraf mühitin qorunmasının vacibliyini daha yaxından duyacaq və bu işə dəstək verməyə çalışacaqlar.
Milli Park əməkdaşlarının və layihə komandasının iştirakı ilə parkın sərhədlərində yerləşən Yenikənd, Qardili və Kürsəngi kəndlərinin hər birində bir dəfə olmaqla, üç dəyirmi masa təşkil ediləcəkdir.
Layhə rayon gənclərini də ekoturizm işinə, ətraf mühitin qorunmasına təşviq etmək üçün təşəbbüslər göstərəcəkdir. Belə ki gənclərin təbiətə maraqlarını artırmaq və biomüxtəlifliyin bərpasına töhvə məqsədi ilə Kür çayı sahilində Tuğay meşələrinin məhv olmuş ərazilərində Salyan rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin “Yaşıl patrul” dəstəsinin, məktəblilərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə 150 ədəd ağac tinglərinin əkilməsi nəzərdə tutulur.