Xocalı faciəsinin ildönümü respublikamızın hər yerində olduğu kimi Salyan rayonunda da geniş şəkildə qeyd olunur. Salyan rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq rayonun idarə və təşkilat və müəssisələrində faciə ilə bağlı müxtəlif tədbirlər keçirilir.
26 fevral 2022-ci il tarixində Salyanda Azərbaycan tarixinə qanla yazılmış Xocalı faciəsinin qurbanlarının 30-cu ildönümünün qeyd edilməsi ilə əlaqədar anım tədbiri keçirilmişdir. Anım tədbirində Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri “Şəhidlər” xatirə kompleksini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüş və Azərbaycanın ərazi bütövlüyü uğrunda, o cümlədən Xocalıda şəhid olan həmvətənlərimizin unudulmaz xatirəsi qarşısında ehtiramla baş əymişlər.
Anım mərasimində “Xocalı faciəsi” qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, şəhidlərin ruhuna dualar oxunmuşdur. Tədbirdə faciə qurbanlarının xatirəsinə həsr olunmuş “Ana fəryadı” adlı ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur.