Bu münasibətlə böyük mütəfəkkirin Salyan rayonunda xatirəsinə ucaldılmış abidəsi önünə gülqoyma mərasimi keçirilmişdir. Tədbirdə Salyan Rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, RİH başçısı yanında Şura üzvləri, idarə, müəssisə və təşkilatların kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Gülqoyma mərasimində tarixçi müəllim Sahib Həsənov çıxış edərək Əli bəy Hüseynzadənin həyat və fəaliyyəti barədə danışmışdır. Qeyd edilmişdir ki, Əli bəy Mola Hüseyn oğlu Hüseynzadə 1964-cü il fevralın 24-də Salyan şəhərində dünyaya göz açmışdır. Atası vaxtsız vəfat etdiyinə görə, Əli bəy babası, Qafqazın Şeyxülislamı Axund Mola Əhmədin himayəsində böyümüşdür. Əli bəy ibtidai təhsilini vaxtilə atasının dərs dediyi məktəbdə aldıqdan sonra 1875-ci ildə Birinci Tiflis gimnaziyasına daxil olmuşdu. Burada rus dilini, ərəb, fars dillərini mükəmməl öyrənmişdi. 1885-ci ildə Sankt-Peterburq Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur.
1887-ci ildə Sankt-Pterburqda çar II Aleksandra sui-qəsd edildikdən sonra Rusiyanı tərk etmək məcburiyyətində qalan Əli bəy Türkiyəyə gəlir və burada İstanbul Universitetinin hərbi tibb fakültəsini dermatoloq ixtisası üzrə bitirir. Siyasi baxışlarına görə, Əli bəy 1904-cü ildə Fransaya gedir, sonra isə Bakıya dönür. Məşhur xeyriyyəçi H.Z.Tağıyevin maddi dəstəyi ilə Əhməd bəy Ağayevlə birgə 1905-ci ildə "Həyat" qəzetinin nəşrinə başlayır və 1906-cı ilə bu qəzetin redaktoru olur. Elə həmin il həftəlik ədəbi, elmi və ictimai-siyasi jurnal olan "Füyuzat"ı nəşr etdirir.
Əli bəy Hüseynzadə ədəbi yaradıcılıqla yanaşı, həm də rəssamlıqla məşğul olur. 1919-cu ildə İstanbul ingilislər tərəfindən işğal olunur və digər ittihadçılar kimi, Əli bəy də həbs edilir. Qısa müddətdən sonra həbsdən azad edilən Əli bəy Hüseynzadə vətənə 1926-cı ildə, I Türkoloji Qurultayda fəxri qonaq kimi iştirak etmək üçün gəlir.
Ədib, rəssam, təbib, şair, naşir, jurnalist, bayrağımızda türkçülük, müasirlik və İslam fəlsəfi düsturunun təşkil etdiyi ideologiyanın müəllifi Əli bəy Hüseynzadə 1940-cı il martın 17-də 76 yaşında İstanbulda vəfat edir və şəhərin Qaracaəhməd məzarlığında dəfn edilir.
Hər il rayonumuzun ziyalıları, ictimaiyyət nümayəndələri dahi mütəfəkkirin Salyanda ucaldılan heykəli önünə gələrək gül-çiçək dəstələri düzür, xatirəsini böyük hörmət və ehtiramla yad edirlər.
Əsrlər keçəcək, lakin bu dərin idrak, parlaq zəka sahibi, böyük şəxsiyyət heç vaxt unudulmayacaq, daim yaddaşlarda yaşayacaqdır.