Bərpa olunan enerji sahəsinə sərmayə qoymaq mənəvi öhdəlikdir
Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də məhz ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir. Hazırda, ölkəmizdə bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalı üçün mümkün potensialın qiymətləndirilməsi və bu potensialdan istifadə məqsədi ilə atılacaq addımların və yerinə yetiriləcək tədbirlər üzrə bir sıra işlər həyata keçirilməkdədir. Belə ki, külək enerjisi ilə müqayisədə ölkənin bütün ərazisində mövcud olan günəş enerjisi potensialından istifadə edilməsi, bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı güclərinin paylaşdırılması üçün növbəti illərdə regionlarda layihələrin həyata keçirilməsi planlaşdırılır. Seçilmiş və prioritetləşdirilmiş bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik ərazilərdə investisiya qoyuluşu istiqamətində işlər davam etdirilir.
Azərbaycanda bərpa olunan enerji növlərinin potensialı həddindən artıq böyükdür. Məhz buna görə dünyanın aparıcı enerji şirkətləri indi Azərbaycanla bu sahədə əməkdaşlıq etməyə çox maraqlıdırlar. Ölkəmizdə həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsidir. Prezident İlham Əliyevin cari ilin 2 sentyabr tarixində İtaliyanın Çernobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışında qeyd etmişdir: “Əlbəttə, neft və qaz ilə bağlı diqqətinizə çatdırdığım rəqəmləri nəzərə alsaq, biz özümüzü olduqca rahat hiss edə bilərik. Çünki bizim elektrik enerjisi istehsal edən stansiyalarımız təbii qaz, yanacaq və su ehtiyatlarından istifadə edir. Ancaq bərpaolunan enerjiyə, xüsusən də bu sahənin böyük potensialını nəzərə alaraq sərmayə qoymaq bizim mənəvi öhdəliyimiz idi. Artıq biz bərpaolunan enerji sahələrinin Azərbaycandakı potensialını da dəyərləndirmişik. Belə ki, Xəzərin təkcə Azərbaycan sektorunda təsdiq olunmuş potensialı 157 qiqavatdır.”
Bu gün ölkənin elektrik enerjisinin təminatı üçün il ərzində 5 milyard kubmetr mavi yanacaq sərf olunur. Əhali kontingentinin istehlakı isə 3 milyard kubmetrə bərabərdir. Ümumilikdə isə bu gün Azərbaycanda bərpa olunan enerjinin qoyuluş gücünün payı 17 faiz təşkil edir. Hədəf 2030-cu ilə qədər ölkədə istehsal olunan enejinin 30 faizinin bərpa olunan enerjidən əldə edilməsinə nail olmaqdır. Ötən il ölkə üzrə elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadənin payı 7,3 faiz təşkil edib. Qalan 93 faiz elektrik enerjisini istehsal etmək üçün təbii qazdan istifadə olunub. Azərbaycanda elektrik enerjisinin əldə edilməsində daş kömürdən və dizeldən, demək olar ki, istifadə edilmir. Bu da qlobal istiləşmə şəraitində ekologiyanın qorunmasına töhfədir. Ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadə olunması ətraf mühitin çirklənməsinin qarşısının alınmasına və ənənəvi enerji mənbələrindən qənaətlə istifadəyə gətirib çıxarır. Ekoloji təmizliyi, tükənməzliyi, həmçinin kiçik ərazidə belə tətbiq imkanı olduğundan külək enerjisi digər enerji mənbələrindən daha əlverişli hesab olunur. Bu enerjini istehsal etmək üçün ölkəmizin təbii potensialı da böyükdür. Belə ki, Abşeron yarımadasında və Xəzərboyu ərazilərdə küləkli günlərin çox olması külək enerjisi istehsalına əlverişli şərait yaradır. Həmçinin, Azərbaycanda ildə 300 günəşli günün olmasını nəzərə alsaq, burada günəş enerjisinin inkişafı da, sözsüz ki, perspektivlidir. Beləliklə, yerləşdiyi əlverişli coğrafi mövqe və iqlim şəraiti Azərbaycanda ekoloji cəhətdən təmiz alternativ enerji mənbələrindən geniş istifadə edilməsinə imkan verir. Bu, istilik elektrik stansiyalarında yandırılan böyük miqdarda yanacağa qənaətlə yanaşı, ətraf mühitə atılan zərərli tullantıların miqdarını da xeyli azaldar.
Ölkənin təbii potensialından istifadə etməklə alternativ enerji mənbələrinin elektrik və istilik enerjisi istehsalına cəlb edilməsi elektroenergetikanın gələcək inkişaf istiqamətlərində mütərəqqi dəyişikliklər etməyə imkan yaradar. Alternativ enerji mənbələrindən istifadə edilməsi imkan verəcək ki, ölkədə istilik elektrik stansiyalarında yandırılan böyük miqdarda yanacağa qənaət edilsin və ətraf mühitə atılan zərərli tullantıların miqdarı azaldılsın. Respublikamızın təbii potensialından istifadə etməklə alternativ enerji mənbələrinin elektrik və istilik-enerjisi istehsalına cəlb edilməsi elektroenergetikanın gələcək inkişaf istiqamətlərini müəyyənləşdirməyə əsas verir. Energetikanın inkişafı, hələlik, başlıca olaraq bərpa olunmayan eneji mənbələrinə, yəni karbontərkibli yanacaqlarına əsaslanır. Bu mənbələrin ekoloji çatışmazlığı qeyri-ənənəvi (alternativ) bərpa olunan ekoloji təmiz enerji mənbələrindən daha geniş istifadənin tədqiqini tələb edir.
Azərbaycanda hazırda energetika ilə bağlı müxtəlif yeni lahiyələr hazırlanır, həyata keçirilir. Eyni zamanda, köhnə elektrik stansiyaların gücünün daha da artırılması işləri nəzərdə tutulub. Bütün bu kompleks işlər yerinə yetirildikdən sonra alternativ enerji mənbələrinin zəngin olduğu respublikamızın enerji sisteminin gücü xeyli artacaq və sonralar Azərbaycan elektrik enerjisini Avropaya ixrac edəcək.
Əlişir Əliyev,
Salyan rayon Gənclər və İdman İdarəsinin əməkdaşı