Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə edilib.
Sonra tədbir iştirakçıları Salyan Şəhidlər xiyabanını ziyarət edib, şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzüblər.
Tədbirdə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Yeni Azərbaycan Partiyasının fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu idi. Ulu öndər Heydər Əliyevin qurucusu olduğu partiyanın 30 il ərzində zəngin və şərəfli inkişaf yolu keçdiyini deyən Elmar Əhmədovun sözlərinə görə, Azərbaycan xalqı bu gün ulu öndər Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycan dövlətini inkişaf etdirmək, yeni-yeni uğurlar qazanmaq istiqamətində partiyamızın Sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə hərtərəfli dəstək verməkdədir. “Regionun güc mərkəzinə çevrilən Azərbaycan dövlətinin nailiyyətlərinin arxasında vətəndaş həmrəyliyi və uğurlu dövlət siyasəti dayanır. Azərbaycan Respublikasının Prezidenti, partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Vətən müharibəsində əldə etdiyi tarixi zəfərlə Azərbaycan xalqının, eyni zamanda, Yeni Azərbaycan Partiyasının ən ali məqsədini reallaşdırmış oldu”, - deyən E.Əhmədov YAP Salyan rayon təşkilatının fəaliyyəti haqqında da ətraflı məlumat verib. Qeyd edib ki, hazırda ərazi təşkilatlarının sayı 63-ə, üzvlərinin sayı 7600 nəfərə çatıb.
Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Yeni Azərbaycan Partiyasının ölkəmizdə aparıcı siyasi qüvvə olduğunu bildirib. Yeni Azərbaycan Partiyası yarandığı gündən siyasi səhnədə dövlətçilik mövqeyindən çıxış edərək xalqın mənafeyini hər şeydən üstün tutduğunu bəyan edib və qısa zaman kəsiyində ümumxalq rəğbətini qazanıb. Onun sözlərinə görə, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyası bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atmaqdadır.
Milli Məclisinin deputatı Malik Həsənov bildirib ki, partiyamızın fəaliyyətinin əsasında Heydər Əliyev ideyaları dayanır. YAP-ın Azərbaycan xalqının çətin sınaqlarla üz-üzə qaldığı bir dövrdə yarandığını xatırladan Malik Həsənov qeyd edib ki, həmin dövrdə Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükələrinin qarşısı alındı.
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Əfsun Sucayev Yeni Azərbaycan Partiyasının uğurlu gələcəyinin onun yaradılmasının ilk illərindən göründüyünü bildirib. Onun sözlərinə görə, müasir Azərbaycanın davamlı və nəhəng uğurlara imza atması Heydər Əliyev siyasəti nəticəsində mümkün olub.
Tədbirdə YAP Salyan rayon təşkilatının üzvü, əməkdar müəllim Səlimağa Səlimli, rayon təşkilatının fəal gəncləri Gülər Quliyeva və Nübar Əliyeva çıxış ediblər.
Sonda Salyan rayonunun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya veteranına fəxri fərmanlar, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələr təqdim edilib.