Ötən ildə görülmüş işləri nəzərdən keçirmədən, uğurları qeyd etməklə yanaşı, buraxılmış nöqsanları təhlil etmədən təbii ki, daha böyük planların həyata keçirilməsi mümkün deyildir. Bu mənada ötən ilin sonunda, yeni ilin əvvəlində keçirilən hesabat yığıncaqları, qəbul edilən qərarlar həmişə işin xeyrinə olur. Artıq ictimai-sosial həyatımıza daxil olan bələdiyyələr qarşılaşdığımız problemlərin həllinə dəstək olmaqla zərurətdən yarandıqlarını sübuta yetirmişlər. Bu, onu göstərir ki, ölkəmizdə idarəetmənin təkmilləşdirilməsi, əhaliyə göstərilən müxtəlif xidmətlərin səviyyəsinin artırılması, özünüidarəetmənin genişlənməsi istiqamətində islahatlar davamlı və effektli surətdə aparılır.
Salyan bələdiyyəsi də yarandığı gündən başlayaraq yerli özünüidarəetmənin formalaşması və inkişafının genişlənməsi üçün səylə çalışmışdır. İşlərimiz əsasən yerli təklif və arzuların üzərində qurulmuşdur. Ona görə də rayon əhalisi ilə sıx təmasda işləməklə onların müraciətlərinin, arzu və təkliflərinin həyata keçirilməsinə nail olmağa çalışmışıq.
İl başa çatanda istər-istəməz insan bir anlıq xəyalən ötən günlərə nəzər salır. Öz-özünə hesabat verir. 2022-ci il də ölkəmiz üçün yaddaqalan hadisələrlə zəngin olub. Ən önəmlisi isə yola saldığımız il ölkəmizdə sabitlik, inkişaf, dövlət başçımız, müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin növbəti zəfər ili olmuşdur.
Yola saldığımız il doğma Salyan rayonumuz üçün də növbəti inkişaf və tərəqqi ili kimi yadda qalacaqdır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində rayonumuzda rayon və respublika əhəmiyyətli sosial obyektlər tikilib, işıq, qaz və su təsərrüfatında xidmətlərin səviyyəsi yüksəlib.
Salyan bələdiyyəsinin fəaliyyət sahələri ötən il çox geniş olmuşdur.
Bələdiyyəmiz ötən ildə əsas diqqəti şəhid ailələrinin, qazilərin, bütünlükdə Vətən müharibəsi iştirakçılarının problemlərinin həllinə yönəldib. Fəaliyyətimizi özündə əks etdirən çoxlu faktlar, rəqəmlər sadalaya bilərəm. Belə ki, şəhid Tale Davudzadənin xatirə abidəsinin təmiri və işıqlandırılması, şəhərdəki 1941-1945-ci illər Böyük Vətən Müharibəsi qəhrəmanlarının xatirəsinə inşa edilmiş abidənin təmiri, eyni zamanda Şəhidlər Xiyabanında təmir və işıqlandırma təsərrüfatının yenilənməsi, şəhid Hüseynağa Balıyevin ailəsinin xahişinə əsasən, şəhidin doğulduğu 20 Yanvar küçəsinə çınqıl döşənməsi, Ə.Quliyev küçəsində yaşamış, sonradan vəfat etmiş II Qarabağ müharibəsi qazisi Murad Vilayət oğlu Nəcəfovun il mərasiminin keçirilməsi, A.Ağabəyli küçəsində yaşayan şəhid ailəsi Rəna Ağayevaya maddi yardım göstərilməsi, şəhidlərin xatirəsinə həsr olunmuş futbol üzrə rayon birinciliyinin keçirilməsinə maddi köməklik göstərilməsi görülən işlərin əsasında durur.
Şəhər bələdiyyəsi abadlıq işlərində də fəal iştirak etmişdir. Şəhərin H. Əliyev küçəsində qoyulan skamyaların təmir edilərək rənglənməsini, eləcə də bu küçədə Uşaqların Əyləncə Mərkəzindəki yelləncəklərin təmirini, şəhərin 20 Yanvar, Ə.Quliyev, F.Zərgərli, B.Talıblı küçələrinə çınqıl döşənməsini, şəhərin gecə işıqlandırılması üçün işıq dirəklərinin təmirini, rənglənməsini və sıradan çıxmış elektrik xətlərinin təzələnməsini, şəhərin girəcəyində inşa edilmiş tağların təmirini həyata keçirmişdir. Şəhər bələdiyyəsinin parkında bir şəhid ailəsinə 20 kvadratmetrlik mağaza əvəzsis olaraq icarəyə verilmişdir.
Bələdiyyələrin fəaliyyətinin əsas istiqamətlərindən biri də sosial ehtiyacı olan ailələrə dəstək olmaqdır. Bu istiqamətdə yola saldığımız ildə 38 aztəminatlı, kimsəsiz və şəhid ailələrinə 3600 manat yardım olunmuşdur. Bu işlər davamlı olaraq nəzarətdədir.
Bələdiyyələrin fəaliyyəti əsasən torpaq və əmlak vergilərindən toplanır. Təəssüf ki, buradakı rüsumlar 20 il əvvəl nəzərdə tutulan rəqəmlərdir. Onu da insanlarımız tam ödəmirlər. Bu da sosial ehtiyacları qarşılamaqda böyük çətinliklər yaradır. Lakin fəaliyyətimizi bu sahədə maarifləndirici işlər aparmaqla davam etdiririk.
Keçirdiyimiz hesabat yığıncaqlarında bir ildə gördüyümüz işlər barədə geniş təhlillər aparmışıq. Qarşılaşdığımız problemlər təhlil olunmuş, uğurlar qeyd edilmişdir. Eyni zamanda, gələcəkdə qarşıda duran vəzifələr də müəyyənləşdirilmişdir. Düşünürəm ki, bundan sonra işimizi elə qurmalıyıq ki, həm vətəndaşlar razı qalsın, həm də ölkə həyatının dinamik inkişafında fəaliyyətimiz daha aydın görünsün.
Məlum olduğu kimi, 2023-cü il ölkə Prezidenti İlham Əliyevin sərəncamına əsasən, Ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə Heydər Əliyev ili elan olunmuşdur. Rayonda bu istiqamətdə həyata keçirilən tədbirlərə dəstək olacağıq .
Çalışacağıq ki, bu ilin yekununda da doğma şəhərimizin inkişafı və çiçəklənməsi üçün gördüyümüz işlər üz ağartsın.
Sərvəddin Cəfərov
Salyan bələdiyyəsinin sədri