Şəhid Sadiq İsayevin xatirəsinə güşə yaradılmışdır.
Sadiq Rəşad oğlu İsayev Salyan rayonunun Arbatan kənd tam orta məktəbinin məzunu idi. Bütün yaşıdları kimi o da Vətənin müdafiəsində igidlik göstərərək şəhid olan eloğulları ilə fəxr edirdi.Təhsil vaxtı ikinci Vətən müharibəsində şəhid məzunlara həsr olunmuş tədbirlərdə iştirak edir və özünü al bayrağımıza bükülmüş şəhid obrazlarında görür və belə bir səhnəni ifa etməyi arzu edirdi...
Tale isə onu real həyatda, döyüş meydanında şəhidlik zirvəsinə ucaltdı. Ordumuzun 44 günlük müharibədə qələbəsindən sonra, 16 sentyabr 2022-ci il tarixdə düşmən təxribatının qarşısını alarkən həyatını vətənə qurban verdi.
Şəhid Sadiq İsayevin vaxtı ilə oxuduğu Arbatan kənd tam orta məktəbində onun xatirəsinə həsr olunmuş tədbir keçirildi.Tədbirdə məktəbin şagird və pedaqoji kollektivi ilə yanaşı, kəndin şəhid valideynləri, ictimaiyyət nümayəndələri öncə məkjtəbin müəllimlər otağında şəhid Sadiq İsayevin xatirəsinə həsr edilmiş guşə ilə tanış olmuşlar.
Torpaqlarımızın düşmən işğalından azad edilməsində həyatını itirmiş şəhidlərimizin və qardaş Türkiyədə zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Məktəbin direktoru Aytən Ağalarova, YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, Sadiqə dərs demiş müəllimlər, rayon “Qələbə” qəzetinin baş redaktoru Rüstəm Məlikov, rayon mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru Səidə Əliyeva, Salyan Rayon Heydər Əliyev Mərkəzinin direktoru Nübar Bayramova və başqaları çıxış edərək şəhid Sadiq İsayevin qısa və mənalı ömür yolundan, onun nümunəvi təhsil və tərbiyəsindən, vətənpərvərlik və yürdsevərliyindən danışmış qeyd etmişlər ki, o, ölümündən sonra “Vətən uğrunda” medalı və “3- cü dərəcəli” Rəşadətə görə ordeni ilə təltif edilmişdir.
Tədbir iştirakçıları kənd məktəbində şəhidlərin xatirəsinə yüksək qiymət verildiyini qeyd etmiş və Sadiq İsayevin müəllimlər otağında hazırlanmış güşəsinə baxış keçirmiş, məktəb şagirləri tərəfindən səslənən bədii parçaları dinləmişlər. Sonda şəhidin valideyləri -Rəşad İsayev və Firuzə İsayeva göstərilən ehtirama görə münnətdarlıqlarını bildirmişlər.