Salyan Rayon İcra Hakimiyyətinin akt zalında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində onun 14 iyul 1969-cu ildə Azərbaycana rəhbər seçilməsi ilə bağlı keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov, rayonun hüquqi-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov dahi şəxsiyyət, dünya siyasətinin patriarxı, böyük dövlət xadimi Heydər Əliyevin 14 iyul 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi seçildikdən sonra bu müdrik rəhbərin başçılığı ilə görülən böyük işlər, həyata keçirilən ardıcıl, məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanın geridə qalmış aqrar respublikadan SSRİ-nin sənayecə inkişaf etmiş respublikasına çevrildiyini, cəmiyyət həyatının bütün sahələrində inkişaf və tərəqqiyə nail olunduğunu vurğulamışdır. Bildirmişdir ki, Ulu Öndər beş dəfə Salyan rayonuna səfər etmiş, rayonun partiya-sovet fəalları, ziyalıları, qabaqcıl təsərrüfat işçiləri ilə görüşmüş, məsləhət və tövsiyələrini vermiş, rayonda çoxsaylı istehsal müəssisələrinin, yaşayış və inzibati binaların inşası ilə bağlı müvafiq sərəncamlar imzalamışdır.
RİH başçısı Ulu Öndərin ideyalarının möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirildiyini qeyd edərək 44 günlük Vətən müharibəsində onun rəhbərliyi altında 30 ilə yaxın müddətdə mənfur düşmənin əsarətində qalan müqəddəs torpaqlarımızın azad olunmasını Azərbaycanın şoxəsrlik tarixində ən böyük hadisə, möhtəşəm qələbə olduğunu diqqətə çatdırmışdır.
Salyan rayonunun Şəkərli kənd ümumi orta məktəbinin direktoru, Əməkdar müəllim Səlimağa Səlimli, Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin texniki nəzarətin təşkili sektorunun müdiri Avdı Həsənov, Qadın Resurs Mərkəzinin rəhbəri Gülnaz Məmmədova, rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Könül Qafarova Ulu Öndərin Azərbaycanın xoşbəxt gələcəyi, firavan həyatı naminə göstərdiyi fədakarlıqlardan söz açmış, onun işıqlı, parlaq xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını bildirmişlər.