Hazırda Qarabağın ümumi su ehtiyatları 2,1 milyard kubmetr həcmində qiymətləndirilir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi Riad Axundzadənin bildirdiyinə görə, həmin ehtiyatlardan səmərəli istifadənin təmin edilməsi məqsədilə, ümumilikdə, 9 su anbarı və onlardan qidalanan kanalların əsaslı şəkildə yenidən qurulması nəzərdə tutulub.
O deyib ki, agentlik artıq Xaçınçay, Suqovuşan, Köndələnçay-1, Köndələnçay–2 və Aşağı Köndələnçay su anbarlarının yenidən qurulması işlərinin son mərhələsindədir. “Təmir işləri tamamlandıqdan sonra bu suların anbarlarda toplanması və qənaətlə istifadə edilməsi əsas hədəflərimizdən biridir. Təxminən 30 ildir ki, Azərbaycan Qarabağ və Şərqi Zəngəzur vilayətlərinin su potensialından istifadə edə bilmir. Ölkəmiz yaxın gələcəkdə bu potensialdan yararlana biləcək”, – deyə o əlavə edib.