Qələbə” qəzetinin baş redaktoru Mahmud Ağalarovun 100 illik yubiley tədbiri keçirilmişdir
SSRİ Jurnalistlər İttifaqının üzvü, Azərbaycanın Əməkdar jurnalisti, Qırmızı Əmək Bayrağı ordenli, “Qızıl qələm” mükafatı laureatı Mahmud Mirdaməd oğlu Ağalarovun anadan olmasının 100 illiyi münasibətilə Salyan Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Yüz yaşlı qəzetin 100 yaşlı redaktoru” adlı tədbir keçirilmişdir.
Salyan Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirdə RİH-in məsul nümayəndəsi, “Qələbə” qəzetinin kollektivi, veteran qələm sahibləri, yubilyarın doğmaları, yaxınları, rayon ictimaiyyətinin nümayəndələri, oxucular iştirak etmişlər.
Tədbirdə Mahmud Ağalarovun, “Qələbə” qəzetinin dünyasını dəyişmiş əməkdaşlarının və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin təmin olunmasında şəhid olmuş həmvətənlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmiş, yubilyarın həyat və fəaliyyətini özündə əks etdirən foto-slayd nümayiş etdirilmişdir.
“Qələbə” qəzetinin baş redaktoru Rüstəm Məlikov, Salyan Rayon İcra Hakimiyyəti başçısı aparatının humanitar və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Məhərrəm Məmmədov, “Qələbə” qəzetinin sabiq baş redaktoru, Əməkdar müəllim Fərqanə Cəbrayılova, veteran jurnalist Rəhim Hüseynzadə, rayon ictimai ziyalılar birliyinin sədri, Əməkdar müəllim Allahverdi Piriyev, Azərbaycan Yazıçılar Birliyi Muğan Bölməsinin sədri Nəbi İbrahimov, Salyan Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Rəfiqə Ağabəyli, “Qələbə” qəzetinin əməkdaşları Leyla Nəsirova, Təyyar Nəsirli, Əzizağa Məmmədli, rayon ziyalıları Vaqif İslamov, Hüseyn Ağayev, şair Zabil Pərviz və Lətif Zərbəlıyev Mahmud Ağalarovu gözəl, səmimi, qayğıkeş insan kimi xarakterizə etmiş, onunla bağlı xatirələrindən söz açmışlar. Qeyd edilmişdir ki, mənalı ömrünün tam 50 ilini jurnalistikaya həsr etmiş Mahmud müəllim mənalı və ibrətamiz bir ömür yaşamışdır.
M.Ağalarov 1924-cü il dekabr ayının 25-də Salyan şəhərində fəhlə ailəsində anadan olmuşdur. O, orta məktəbdə oxuduğu illərdən mətbuata maraq göstərər və ilk qələm təcrübələrini rayonda çap edilən "Sosializm yolu" qəzetinə göndərərdi. Sonralar gənc jurnalistin yazıları Bakı şəhərində çap edilən "Gənc işçi" qəzetində görünməyə başladı.
1940-cı ildə 16 yaşlı Mahmudu "Sosializm yolu" qəzetində məsul katib vəzifəsinə işə götürmüşlər. Bir neçə ili nəzərə almasaq, Mahmud Ağalarov 1992-ci ilə kimi 50 il mətbuat sahəsində çalışmışdır.
Böyük Vətən müharibəsi illərində salyanlıların döyüşən cəbhədə, eləcə də arxada qələbəni təmin etmək üçün göstərdikləri rəşadət və hünər nümunələri barədə rəngarəng məqalələrlə "Kommunist" və "Sosializm yolu" qəzetlərində müntəzəm çıxış etmiş, yerli radio ilə Sovet İnformasiya bürosunun rəsmi xəbərlərini Salyan camaatına çatdırmışdır.
Çox güclü tembrə malik səsi olan M.Ağalarovu "Salyanın Levitanı" adlandırırdılar.
Müharibə qələbəmizlə qurtardıqdan sonra Mahmud müəllim Salyan Dövlət Dram Teatrının direktoru, rayon komsomol komitəsinin I katibi vəzifələrində çalışmışdır. Bakıda birillik ali partiya məktəbini bitirən Mahmud Ağalarov az müddət rayon partiya komitəsində çalışmış, qəzetə, mətbuata olan sevgisi onu yenidən "Sosializm yolu" qəzetinə gətirmişdir.
1952-ci ildən gənc jurnalist "Kommunist" qəzetinə işə dəvət edilmiş, 1956-cı ildə buradan Bakı Ali Partiya məktəbinin jurnalistika şöbəsinə oxumağa göndərilmişdir.
1960-cı ildə ali təhsilini başa vuran Mahmud Ağalarov Qazax rayonunun "Qalibiyyət bayrağı", Qubanın "Şəfəq" qəzetlərinin redaktoru olmuşdur.
1965-ci ildən 1992-ci ilə kimi doğma Salyan rayonunda nəşr edilən "Qələbə" qəzetinə rəhbərlik etmişdir.
M.Ağalarov qəzet işini mükəmməl bilən, əməkdaşlarına həssas, isti münasibət göstərən bir rəhbər kimi diqqəti cəlb edirdi. Həftədə 3 dəfə, orta hesabla 10 min tirajla çıxan "Qələbə" qəzetində ölkənin, respublikanın, habelə, rayonun sosial-iqtisadi, mədəni həyatı çox geniş şəkildə öz əksini tapırdı. O dövrün yüksək poliqrafiya səviyyəsində çıxan "Qələbə" qəzeti Mariya Ulyanova adına Ümumittifaq mükafatına layiq görülmüşdü.
Mahmud müəllim öz məktəbini yaratmışdır. Bölgə jurnalistləri demək olar ki hamsı onun şinelindən çıxmışdır.
Mahmud müəllimlə birlikdə "Qələbə" qəzetində çalışan jurnalistlərdən Vaqif Əliyev, Səxavət Qarayev, Alimə Möhsümova, Akif Bayramoğlu, Fəxrəddin Fərzəliyev müxtəlif mətbuat orqanlarının redaktorları olmuşlar. Qəzetdə çalışan yaradıcı şəxslərin hamısı SSRİ Jurnalistlər İttifaqının redaksiyada yaradılmış ilk təşkilatının üzvü idi ki, bu da ittifaqda çox unikal bir hadisə kimi qiymətləndirilirdi.
M.Ağalarov uzun illər Salyan rayon Partiya Komitəsinin büro üzvü, rayon Xalq Deputatları Sovetinin deputatı olmuşdur.
Ulu öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə həyata keçirilən möhtəşəm quruculuq və abadlıq işlərinin fəal təbliğatçısı olmuşdur.
1992-ci ildən təqaüdə çıxan Mahmud müəllim bir müddət rayon Tarix-Diyarşünaslıq Muzeyinə rəhbərlik etmişdir. Lakin redaksiya ilə həmişə müntəzəm əlaqə saxlamışdır. 1999-cu ilin may ayında Haqq dünyasına qovuşan Mahmud Ağalarov Azərbaycan jurnalistikasında silinməz izlər qoyan nadir şəxsiyyətlərdən biridir.
Tədbirdə iştirak edən M.Ağalarovun qızı Bahar xanım atasının xatirəsinə göstərilən böyük hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.
Rüstəm Məlikov.
”Qələbə” qəzetinin baş redaktoru