Salyan rayonunun, bütövlükdə, Muğan bölgəsinin mədəni-ictimai həyatında mühüm rol oynamış "Qələbə" qəzetinin yüz yaşı tamam olur. İlk nömrəsi tarixi sənəd kimi, Əli bəy Hüseynzadə adına Salyan Rayon Tarix-Diyarşünaslıq Muzeyində qorunan qəzet 1924-cü il fevral ayının 21-də "Qırmızı Muğan" - "Krasnıy Muqan" adı ilə Azərbaycan və rus dillərində nəşrə başlamışdır.
Salyan Qəza Partiya Komitəsinin və İcraiyyə Komitəsinin orqanı kimi qəzet uzun illər insanların yeganə informasiya mənbəyi olmaqla bərabər, bölgənin ictimai- siyasi salnaməsini yarada bilmişdir. Yüz il əvvəl qəza mərkəzi olan Salyanda gedən proseslər haqqında məlumatları öz saralmış səhifələrində bu gün də yaşadan qəzet zaman-zaman tarixi proseslərdə ideoloji faktor kimi, iştirak etmiş, kollektiv təbliğatçı, təşviqatçı və təşkilatçı rolunu oynamışdır.
Məhz, buna görə də qəzet müxtəlif dövrlərdə ayrı-ayrı adlarla fəaliyyətini davam etdirmişdir. 1930-cu ildən 1960-cı ilə kimi "Sosializm yolu", 1962-1965-ci illərdə "Məhsul", 1965-1992-ci illərdə "Qələbə", 1992-1993-cü illərdə "Günaydın", 1994-cü ilin yanvar ayından isə yenidən "Qələbə" adı ilə nəşr edilir. İndiyədək qəzetin 8.700-dən çox sayı işıq üzü görmüşdür.
İlk redaktoru Andrey Novaxatski olan qəzetimizin 100 illik fəaliyyəti ərzində ona 11 redaktor rəhbərlik etmişdir. Tağı Məmmədov, Şirinbala Süleymanov, Əfsərağa Məmmədov, Sahib Səfərov, Mahmud Ağalarov, Məhəmməd Xəlilbəyli, Akif Quliyev, Fərqanə Cəbrayılova qəzetin redaktoru olduqları dövrlərdə regionda mətbuatın dövrün tələbləri səviyyəsində fəaliyyəti üçün böyük əmək sərf etmişlər. İyirmi ilə yaxındır ki, "Qələbə"yə bu sətirlərin müəllifi rəhbərlik edir.
Qəzetimiz bütün dövrlərdə zamanın aynasına çevrilmiş, cəmiyyətin həyatında baş verən yenilikləri, mütərəqqi hadisələri işıqlandırmış, nöqsanlara qarşı prinsipial münasibət bildirmiş, qabaqcıl təcrübələrin təbliğatçısı olmuşdur. Bölgəmizin tanınmış elm və sənət adamları, ziyalıları, şair və nasirləri ilk qələm məhsullarını "Qələbə" qəzetində çap etdirmişlər. Bu gün adı xüsusi hörmətlə çəkilən, respublikamızın ədəbi, ictimai-siyasi həyatında xidmətləri olmuş xalq şairi, İstiqlal ordenli Xəlil Rza Ulutürk, Əməkdar incəsənət xadimi Əliağa Kürçaylı, Əməkdar müəllim, şair Oqtay Rza, aşıq-şair, Əməkdar mədəniyyət işçisi Pənah Pənahov, Əməkdar mədəniyyət işçisi Əliqismət Lalayev, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Ağacavad Əlizadə, İmamverdi Əbilov və onlarca ziyalımızın ictimai mühitə, ədəbiyyat və poeziyaya gedən yolu məhz bizim rayon qəzetindən başlamışdır.
"Qələbə" qəzeti respublikamızda tanınmış çoxlu saylı jurnalist kadrların yetişməsində mühüm rol oynayıb. Jurnalistlərdən Vaqif Əliyev, Əlövsət Bəşirov, Səxavət Qarayev, Səfər Səfərov, Ziyafət Babayev, Rəhim Hüseynzadə, Qulam Sadiq, Tofiq Kərim, Seyran Cavadov, Fərman Əliyev, Eldar Əliyev, Akif Bayramoğlu, Fazil Qəhrəmanov, Fəxrəddin Fərzəliyev və başqa qələm sahibləri regionda sözün ilk məbədi olan doğma qəzetdən xeyir-dua almışlar.
Qəzetin fəaliyyətinin 35 ili məhz ümummilli liderimiz Heydər Əliyev kimi nəhəng şəxsiyyətin fəaliyyəti, onun qurub-yaratdığı Azərbaycanın tərəqqisinin təbliği ilə, doğma respublikamızın bir parçası olan Salyanın mədəni-ictimai və siyasi həyatının salnaməsinin yaradılması ilə bağlı olmuşdur. Ona görə də tarixi yubileyini qeyd etməyə hazırlaşdığımız "Qələbə" qəzetinin həyatında yaddaqalan hadisələr, tarixi günlər çoxdur. Sözsüz ki, onların ən şərəflisi də Ulu Öndər Heydər Əliyevin Salyan rayonuna səfərlərinin gedişini işıqlandırmaq, bu mühüm tarixi hadisələrin salnaməsini yaratmaq olmuşdur.
Məlumdur ki, ümummilli liderimiz Azərbaycana rəhbərlik etdiyi illər ərzində 5 dəfə Salyanda olmuş, bu illərdə rayonun sosial-iqtisadi inkişafına dair bir çox mühüm sənədlər, qərarlar, sərəncamlar imzalamışdır. Salyanlılar qürur və fərəh hissi ilə xatırlayırlar ki, 1969-cu ilin iyul plenumunda Azərbaycanın rəhbəri seçilən Heydər Əliyevin dövlət başçısı kimi, ilk dəfə səfər etdiyi rayon Salyan olmuşdur. Həmin tarixi günlər həm salyanlıların, həm qəzetin, həm də əməkdaşların həyatında silinməz izlər buraxmışdır. "Qələbə" qəzetinin əməkdaşları o tarixi günlərdə dahi rəhbərlə birlikdə olmuş, redaksiyanın tapşırıqlarını yerinə yetirmişlər.
Ulu Öndər Heydər Əliyevin layiqli varisi, möhtərəm Prezidentimiz İlham Əliyevin də Salyan rayonuna səfərləri, ictimaiyyət nümayəndələri ilə görüşləri, rayonun sosial-iqtisadi inkişafı barədə sərəncamları salyanlılarda həmişə yüksək əhval-ruhiyyə, qurub-yaratmaq əzmi yaratmışdır.
Son illər rayonda aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri, həyata keçirilən dövlət layihələri qəzet əməkdaşlarına çox maraqlı və rəngarəng mövzular vermişdir.
Təbii ki, möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində milli ordumuzun qələbəsi, şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin hünəri qəzetimizin son dövr fəaliyyətində əsas yer tutur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində 70 nəfərə yaxın şəhidi, onlarla qazisi olan, beş oğlunun Vətən Müharibəsi Qəhrəmanı adına, yüzlərlə hərbi qulluqçusunun yüksək orden və medallara layiq görülməsi vətənpərvərlik ruhunda yazılar hazırlayan qəzet əməkdaşlarımız üçün daimi mövzulardır.
"Qələbə" qəzeti respublikamızın ictimai-siyasi həyatında yaxından iştirak edir. Qəzet 2007-ci ildən Azərbaycan Mətbuat Şurasının üzvüdür. Şuranın qurultaylarında, regional tədbirlərində və müxtəlif yaradıcılıq müsabiqələrində yaxından iştirak edir.
Qəzetimiz Salyan Rayon İcra Hakimiyyətinin Aparatının diqqət və qayğısını həmişə hiss etmişdir. 22 İyul - Milli Mətbuat Günü, jurnalistlərin, ziyalıların yubileyləri bir qayda olaraq yüksək səviyyədə qeyd edilir. RİH başçısı Sevindik Hətəmovun qəzetin fəaliyyətinə, onun əməkdaşlarına göstərdiyi isti münasibət hər birimizdə işləmək, bu qəzeti yaşatmaq üçün yeni stimul verir.
"Qələbə" qəzeti texniki dəstək, abunə, çap və digər qayğıları ilə bərabər, 100 illik fəaliyyətini yüksək əhval-ruhiyyə ilə başa vurmaq, daha yeni onillikləri fəth etmək həvəsi ilə yaşayır.
Rüstəm MƏLİKOV,
"Qələbə" qəzetinin baş redaktoru.
Ali Media Mükafatı laureatı