Salyanın qəsəbə və kəndlərində istixanaların şəbəkəsi ilbəil genişləndirilir, məhsul istehsalı artır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, son illər rayonun Qarabağlı, Yenikənd və Xələc kəndlərində hər birinin sahəsi bir hektar olmaqla 8 müasir istixana yaradılıb, Kürsəngi kəndi ərazisində isə 60 hektar sahədə yeni istixana kompleksi istifadəyə verilib. Rayonun Qaraçala qəsəbə, Yenikənd, Yolüstü və Qarabağlı kəndlərinin ərazisindəki istixanalarda yetişdirilən faraş tərəvəz (xiyar-pomidor) ən yaxın xarici bazarlara göndərilir. Rayonda faraş tərəvəz istehsalının artırılması və ixracının təşviq edilməsi istiqamətində tədbirlər bu gün də davam etdirilir.
Qeyd edək ki, hazırda rayonda 153.3 hektar sahədə 477 istixana mövcuddur ki, ötən il bu istixanalarda 21 min 10 ton xiyar-pomidor istehsal edilərək bazarlara çıxarılıb. Bu da 2019-cu ildə istehsal olunan məhsuldan 1037 ton çoxdur.