Tarixin ayrı-ayrı vaxtlarında -1905, 1918 -1920, 1988 -1993-cü illərdə ermənilər tərəfindən xalqımıza qarşı çoxsaylı qırğınlar, fəlakətlər törədilmişdir. Bütün soyqırımıların, fəlakətlərin, faciələrin kulminasiya nöqtəsi isə 1918-ci il martın 31-də baş vermişdir. O gün təpədən dırnağadək silahlanmış erməni quldur dəstələri tərəfindən Bakıda, Gəncədə, Qazaxda, Qubada, Salyanda, Lənkəranda və Azərbaycanın digər bölgələrındə dinc əhaliyə qanlı divan tutulmuşdur. Bu, sözün əsl mənasında, bir xalqa, bir millətə qarşı yönəlmiş soyqırımı idi. Çünki minlərlə insan azərbaycanlı olduğuna görə, qətlə yetirilirdi. Özü də insanların öldürülməsi ağlasığmaz, insanlığa yaraşmayan xüsusi amansızlıq və qəddarlıqla həyata keçirilirdi. Nə uşağa, nə böyüyə, nə cavana, nə qocaya, nə də qadına rəhm edilirdi. Hətta, əlillərə, hamilə qadınlara belə, aman verilmirdi. Adamlar diri-diri yandırılır, onların gözləri çıxarılır, ayaqları, qolları kəsilir, kürəklərinə qaynar samovar bağlanılır və digər ağır işgəncələrdən, vəhşi üsullardan istifadə edilirdi. Ölümün əlindən canlarını qurtarmaq üçün insanlar məscidlərə sığınaraq düşünürdülər ki, bəlkə erməni quldurları Allah evində onlara toxunmazlar. Lakin nə dini, nə Allahı olan bu vəhşilərin gözlərinə heç nə görünmürdü. Onların bir məqsədi var idi: nəyin bahasına olursa –olsun, Azərbaycan xalqını tamamilə məhv edərək yer üzündən silmək. Erməni faşistlərini nəinki alman faşistləri ilə müqayisə etmək olar, hətta, qəddarlıqlarına,
qaniçənliklərinə görə, onlar bir qədər də irəlidədirlər.
Ən çətin vaxtlarda həmişə yanımızda olan, bizə arxa-dayaq olan türk qardaşlarımız yenə də xalqımızı tək qoymadılar, zamanında köməyimizə çatdılar.. Qüdrətli sərkərdə Nuru paşanın rəhbərliyi ilə bir neçə minlik türk ordusu Azərbaycana daxil olaraq erməni quldur dəstələrini darmadağın etdi. Bununla da xalqımıza qarşı aparılan qırğının daha geniş miqyas almasının, millətimizin tamamilə məhv olmasının qarşısı alındı. Ona görə də erməni quldurları ilə ölüm –dirim savaşında böyük şücaət, rəşadət göstərmiş Nuru paşanın, türk zabit və əsgərlərinin əziz xatirəsi xalqımız tərəfindən daim böyük hörmət və ehtiramla yad edilir, türk xalqına sonsuz minnətdarlıq hissi ifadə olunur.
1918-ci ildə erməni faşistləri Azərbaycanın digər məlum bölgələrində olduğu kimi, indiki Neftçala və Salyan rayonlarının ərazisinə daxil olan kəndlərdə, o cümlədən Kürqaraqaşlı kəndində də çoxsaylı həmvətənlərimizi ən ağır işgəncələrlə qətlə yetirmişlər. Məşhur türk zabiti Ömər paşanın rəhbərliyi ilə 100 nəfərə yaxın türk zabiti və əsgəri yerli könüllü müdafiə dəstələrinin köməyinə çataraq erməni quldurlarına qarşı döyüşlərdə misilsiz igidlik və şücaət nümayiş etdirmişlər. Bu döyüşlərdə qəhrəmanlıqla şəhid olmuş türk hərbçilərinin xatirəsinə dərin hörmət əlaməti olaraq 2013-cü ildə şəhərimizdə memorial xatirə kompleksi yaradılmışdır.
Qeyd edək ki, 1988 -1993-cü illərdə də erməni terrorizmi, erməni vəhşiliyi, erməni qəddarlığı amansızlıqla, insanlığa yaraşmayan hərəkətlərlə davam etdirilmişdir.
2020 –ci il sentyabrın 27 –də mənfur düşmənin yeni ərazilərimizi işğal etmək niyyəti ilə törətdiyi hərbi təxribata cavab olaraq Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə başlanan Vətən müharibəsində Cənubi Qafqaz Regionunun ən güclü ordusu olan Azərbaycan Ordusu möhtəşəm qələbəyə imza ataraq ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. İşğalçı düşmən ordusu darmadağın edildi, minlərlə canlı qüvvəsi məhv edildi, çoxsaylı hərbi texnikası sıradan çıxarıldı və qənimət olaraq götürüldü. Bununla da xalqımızın qisası layiqincə alındı. Lakin beynəlxalq ictimaiyyət də erməni faşizminə kəskin münasibətini bildirməli, xalqımıza qarşı ağır cinayətlər törətmiş koçaryanlar, sarkisyanlar, ohanyanlar və digər erməni cəlladları beynəlxalq məhkəmə qarşısında dayanmalı, layiqli cəzalarına çatmalıdırlar.
Əzizağa Məmmədli, Salyan rayonu,
”Qələbə”qəzetinin əməkdaşı, şair- publisist