Şair dostumuz Zabilin bu gün ad günüdür. Ağır ürək əməliyyatından sonra özünü çox gümrah hiss edir. Redaksiyamıza qonaq gəlmişdi. Çay içdik. Söhbət etdik . Yenə də yaradıcı ampulada idi.
Anakur.az-in izləyicilərinə şairin son şerlərindən birini təqdim edəcəyik. Arzumuz onunla daha geniş müsahibə hazırlamaqdır. Sağlıq olsun.
ŞUŞAYA TƏYİNAT
Nolaydı, bir ömür gec doğulaydım,
Yanaydım yaşaya-yaşaya, Allah!..
Təzə bitirəydim ali məktəbi,
Təyinat alaydım Şuşaya, Allah!..
Odunla qızınan bir dağ məktəbi,
Qəlbimin odunu verərdim ona.
Gedib dərs deyərdim yalın at minən
Bir dəstə dəlisov türk yavrusuna.
Doğrayıb tökərdim kədəri, qəmi,
Qənim kəsilərdim amana, aha.
Şeir toplayardım Cıdır düzündən,
Təqdim eləyərdim Molla Pənaha.
Minnətçi düşməzdim Qara keşişə,
Əsilsiz Əsliyə uymazdım heç vaxt.
Bir dəfə çöllərdə Məcnun olmuşam,
Bu dəfə dağlarda olardım Fərhad.
Adlayıb quş kimi Qırxpilləkəndən,
Daşlarından öpən nəsim olardım.
Sellərə birinci qucaq açmağa
Sonuncu pilləkən özüm olardım.
Xan qızı bulağı açıb deyərdi
Hansı xandan gəlir onun xan soyu.
Hansı xəzinədən süzülüb gəlir
Büllur bulaqların brilyant suyu.
Düşmənin bağrını qana döndərən
Bağrıqan dağından atla keçərdim.
Qırxqız yaylağında düşüb tilsimə
Qırx qızdan birini sevib seçərdim.
Ən uca zirvəyə qonardı könlüm,
Gedib qartallara qardaş olardım.
İsa bulağından bircə piyalə
Doldurub, içməmiş sərxoş olardım.
Qızıl qönçələrin dan söküləndə
Qızıl kipriyində yaşa dönərdim.
Daşaltı çayına daş atmaq nədir,
Durub sahilində daşa dönərdim.
Sitayiş edərdim xarı bülbülə,
Tarixə düşərdi bu təzə ayin.
Tolstoysayağı dəli olardım,
Durub yaradardım tərtəzə bir din.
Xarıbülbülpərəst!..
Müqəddəs şəhər!..
Mənim azad Şuşam!.. Daha nə dərdim,
Başımda Cabbarın “Mənsuriyyə”si
Qalxıb alov-alov ləpələnərdim.
Nolaydı, bir ömür gec doğulaydım,
Yanaydım yaşaya-yaşaya, Allah!..
Təzə bitirəydim ali məktəbi,
Təyinat alaydım Şuşaya, Allah!..