Soltan Abbas.
“Məmməd Araz” ali ədəbi mükafatı, “Azərbaycan SSR Xalq Maarifi əlaçısı” nişanlı. Neftçala rayonu.
Şuşada və Kəlbəcərdə yazılan yazılıan şeirlər
İsa bulağı
Qışda mülayimdi, yayda buz kimi,
Duman tək dərəyə səpilən bulaq.
Durudur, təmizdir, saf ürək kimi,
Hər gün gözlərindən öpülən bulaq.
Düşər yamaclara gümüş iz kimi,
Gəzər dodaqlarda şirin söz kimi,
Yalayar qayanı daşı duz kimi,
Kül olub çəmənə səpilən bulaq.
Coşub çağlamağa ərinməyibdi,
Çaya qovuşmağa sürünməyibdi,
Pislərin gözünə görünməyibdi,
Yaxşılar gözüylə tapılan bulaq.
Şuşa, mart, 1981.
“Bu yerdə кim nəğmə oxumursa, о şuşalı deyildir”.
Sergey Yesenin.
Qarlı qış köçünü çəkməyib hələ,
Yaz gəlib güneydə xalı toxuyur.
Təkcə insanlar yox, adi daş belə,
Min ildir bu yerdə nəğmə oxuyur.
Yaşıl budaqlarda zərif puçurlar,
Şeirli dodaqdır, təptəzə səsdir.
Səslər qanadlanıb quş tək uçarlar,
Bir bulaq nəğməsi bir elə bəsdir.
Qədim cıdır düzü - mahnı kitabı,
Onun notlarıdır - güllər, çiçəklər.
Sidqilə ovcunda sıxsan torpağı,
Musiqi süzülər, nəğmə çiçəklər.
Üzeyir nəfəsi, Cabbar avazı
Hopar iliyinə bir udum mehlə.
Bu yerdə əbədi musiqi yazı,
Musiqi baharı bəxş olub elə.
Natəvan bulağı həzindən həzin,
Qarqarın nəfəsi süd ağlığında.
Vaqif türbəsiylə yanaşı duysan,
Duyarsan səsini ucalığın da.
Qarlı qış köçünü çəkməyib hələ,
Yaz gəlib bu yerdə xalı toxuyur.
Təkcə insanlar yox, adi daş belə
Min il, milyon ildir nəğmə oxuyur.
Şuşa, mart,1981.
Natavan bulağı
Şəhərin qoynundan dağın təkindən
Çıxası borularla süzülüb gəlir.
Sanki dağdan deyil, təmiz ürəkdən
Şirin nəğmə, söz olub gəlir.
Torpağa yaşıl don biçib suyundan,
Oğlanlar başından qız seçib gedib.
Lermontov,Yesenin içib suyundan,
Şuşanın hüsnünə söz qoşub gedib.
Əvvəllər tək olub indi nə qədər,
Bulaq nəvəsi var çiçək tökümlü.
Yaşayır illəri gözündə sehr,
Bir şair ömrünün davamı kimi.
Şuşa, mart,1981.
Ucalıqdan bir düz keçər
Ucalıqdan bir düz keçər,
Girişində el qayğılı bir məqbərə.
Sağı yoxuş, solu dərə,
Önü uçqun-daş mənzərə,
Gedər bu düz, gedər, gedər
Daş üstündən
Daş altıya enər birdən
Dodaqlayar Qarqarımı – misrimi o,
İtiləyər qəzəbimi, hirsimi o.
Sonra qalxıb
Qarlı Kirsə dönər birdən.
Qılınclaşıb qəsbkarın-
Şah Qacarın boğazında dinər birdən.
Qanlı illər düşər yada,
Qalib ellər düşər yada.
Nə yaxşı ki, Eldarlar var bu dünyada,
Eldarlarla bir sırada
Şairlər var bu dünyada.
II
Ucalıqda bir düz yaşar,
Nəhəng əlvan xalı kimi,
Simruqların yol kimi.
Naxışları - açan güllər.
Açan güllər-
Xan qızının söz butası,
Cabbarımın səs çaları,
Səs butası!
Musiqimin Koroğlu tək
Mərd atası-
Üzeyir bəy nəğməsinin
Yanar gözü, not varağı,
Not yazısı...
III
Ucalıqdan bir düz keçər,
Qatar-qatar durna keçər,
Xəyalımdan bir qız keçər,
Tənha keçər, yalqız keçər.
Səmt alar bir məzar sarı,
Bilinməz ki, dönər haçan.
Gedər, gedər Vaqifimin
Torpağına, ruhunacan.
IV
Ucalıqdan bir düz keçər-
Tariximə qızıl xətlə
Nəqş olunan
Əcdadımın hünər düzü,
Yarış düzü.
Bu gün yenə sevənlərin
Peyman yeri, görüş düzü,
İbrət düzü.
Şuşa,Cıdır düzü.Mart,1981.
Kəlbəcərdə yazıan şeirlər
Qaynar dağ.
Zirvələrdən ovxarlanıb
Daş tökülür,
Yaş tökülür.
Hər qayanın “gözlərindən”
Tökülən yaş, yavaş-yavaş
Axıb gedir ömrümüzün ahəngi tək,
On əsirdir qaynayır dağ, əriyir dağ,
Öz ömrünü əridir ki, biz yaşayaq.
Yox, ərimir, ucalır dağ,
Xəstəlikdən öc alır dağ.
Sağalanda, yeriyəndə xəstələri-
Yeriyir dağ.
O, dağ deyil, qəhrəmandır,
Döşündəki lalələri
Qızıl ulduz.
O dağ deyil, təbiətin
Dağ geyimli Loğmanıdır.
Kəklikotu, qantəpəri,
İsti suyu dərmanıdır,-
mərəzlərin.
Bir dağ kimi öz yerində
Saya bilmir –
Neçə-neçə dağ içində
Dağ olsa da,
Zirvələri ovxarlanıb dağılsa da-
Günü-gündən zirvələnir.
Deyirlər ki, yer əvvəllər
Qaynar olub, yanar olub…
Baxa-baxa düşünürəm:
Bəlkə onun bir parçası hələ qalıb.
DƏLİDAĞDA.
Gözəlliklə çıxdım yola,
Dərə keçdim, dağlar aşdım,
Zirvələri qalxa-qalxa,
Təpələrdən uzaqlaşdım.
Ucaldıqca ucaldı dağ,
“Sərt daşlara dözmür ayaq” 1
Oba gördüm çıraq-çıraq,
Qonaq qaldım, qonaqlaşdı.
Qayalarda xına gördüm,
Şimşəkləri sınan gördüm,
Ağbirçəkli ana gördüm
At belində - qoçaqlaşdım.
Duman endi, göy arandı.
Göy qurşağı doğdu, yandı,
Bulaq axdı, gül darandı,
Baxıb, baxıb bulaqlaşdım.
Külək, düman, dolu, yağış…
Baharmıdır, yoxsa ki, qış?!.
Bir torpaqda dörd cür naxış-
Dörd fəsillə qucaqlaşdım.
I. Misra Xalq şairi Rəsul Rzanındır.
27.07.1969.