Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Məmməd Araz” ali ədəbi mükafatı laureatı, “Azərbaycan SSR Xalq Maarifi əlaçısı”, şair, publisist Soltan Abbasın bu gün 88 yaşı tamam olur.
"Anakur.az" xəbər verir ki, Muğanın ağsaqqal ziyalısı hesab edilən Soltan müəllim 7 yanvar 1933-cü ildə indiki Neftçala rayonunun Ballıcalı kəndində dünyaya gəlmişdir.
1951-ci ildə əmək fəaliyyətinə kənd kitabxanasının müdiri kimi başlamışdır. 1953-55-ci illərdə Boyat kənd sovetinin katibi və Xıllı rayonu mədəniyyət şöbəsinin inspektoru işləmişdir. 1955-1957-ci illərdə Bakı pedaqoji məktəbində təhsil almışdır.Sonra Neftçala rayonunun Xıllı qəsəbə orta məktəbində, 1960-73-cü illərdə isə Salyan rayonunun Boyat kənd 8 illik məktəbində müəllimlik etmişdir.1973-1974--cü illərdə "Qələbə" Salyan rayon qəzeti redaksiyasında kənd təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışmışdır. H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsini qiyabi bitirdikdən sonra Boyat kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı fənnini tədris etmişdir. 1991-2006-cı illərdə həmin kənddə inzibati ərazi nümayəndəsi olmuşdur. Hazırda Neftçalanın Ballıcallı kəndində yaşayıb, yaradır.
Bədii yaradıcılığa 1960-cı illərdən başlayan şairin ilk şeiri - bir bəndlik bayatısı zamanında çox tanınmış jurnal olan "Təşviqatçı-da çap edilmişdir
Şairin 20-dən çox müxtəlif məzmunlu şeir və publisoistik pitabları nəşr edilmiş, çoxlu sayda məqalələri dövrü mətbuatda çap olunmuşdur.. “Damcı”, “Mənə çox öyrəşmə”, “Tut ağacı”, “Yollar - ömür yolum”, “Səyyah etdi söz məni”, “Həqiqətin ağzı daş saxlamaz”, “Rübailər”, “Qəzəllər”, “Ömrün şəhidlik zirvəsi”, “Torpağın sahibi”, “Səyyah etdi söz məni”, “Ömür töhfəsi”, “Torpağın oğlu” və digər şeir kitablarının da müəllifidir.1971-1975-ci illərdə Salyanda "Kürün töhfəsi" ədəbi birliyinə başçılıq etmişdir. Hazırda Neftçala rayonundakı ədəbi qüvvələri birləşdirən "Xəzər nəğmələri" ədəbi birliyinin rəhbəridir. Ustadı təbrik edir və ona möhkəm can sağlığı arzulayaraq şeirlərindən ikisini təqdim edirik:
DÜNYA DUYUMLARI
Doğulmuşuq bu dünyanın dərdinə,
Soruşmayın bu dünyanın dərdi nə ? —
Namərdləri dərd gətirər mərdinə.
Biz gedərik, bu dünyamız qalası,
Əməlimiz gülləbatmaz qalası.
Daş üstünə daş qoyanı nə çoxdur,
Hax yolunda baş qoyanı nə çoxdur.
Qapıları üzümüzə açıqdır,
Gələnləri gündüzündən keçəndi,
Gedənləri gecəsindən içəndi.
Gələn kimdi, gedən kimdi, qalan kim?
Susan kimdi , ağlayan kim, gülən kim?
Dünya, sənin göz yaşını silən kim?
Baş açmıram, inan səndən, a dünya,
Aman səndən, aman səndən, a dünya.
Gəzə-gəzə öləni var, öləni,
Ağlayanı, güləni var, güləni,
Tikəsini böləni var, böləni.
Sevincinə, fərəhinə bələnən,
Kədərinə ortaq olan mənəm, mən.
Məmməd Araz yaxşı deyib “at” ona,
Cilov verər yalmanına yatana.
Dönükləşər ayılmayıb yatana, —
Neytrona hədəf olan dünyamız,
Qəzəbindən gözü dolan dünyamız.
Soltan Abbas, yaxşı dolan, yaxşı gəz,
Söz mülkünün kərpicini yaxşı kəs.
Bu dünyada əbədidir yaxşı kəs —
Qoy köçəndə deməsinlər öldü o,
Bu dünyaya — yox, — təzədən gəldi o!
1980.
Mənim şerim
Mənim şerim qızılgül tək ətirli,
Muğanımın torpağıtək duzludur.
Mənim şerim qızıl sünbül xətirli,
Yaz nəfəsli dərəlidir, düzlüdür.
Mənim şerim Kür suyundan nur alıb,
Qaranlığı öz atından salandı.
Xəzərimdə mayaq kimi nurlanıb,
Fırtınadan, tufandan öz alandı.
Hər misrası-al günəşin şüası,
Bərəkətdir əkinçinin əlində.
Ürəklərdə qurar sevgi obası,
Səsləndikcə cəsurların dilində.
Mənim şerim ilhamımın, səbrimin
Culovbilməz havasını çalandı.
Bu həyatda məndən sonra ömrümün
Davamı tək yaşayandı, qalandı!