Salyan Rayon Mərkəzləşdirilmiş kitabxana Sisteminin direktoru Səidə Əliyeva, rayon Heydər Əliyev mərkəzinin direktoru Nübar Əliyeva, Qələbə qəzetinin müxbiri, şair-jurnalist Əzizağa Məmmədli karantin qaydalarına əməl olunmaqla,Salyan rayonunun Dayıkənd kənd sakini, döyüş cəbhəsindən qalib əsgər kimi qayıtmış, gənc şair Həsən Hakim oğlu Zeynalovun ailəsində olmuşlar.
Anakur.az xəbər verir ki, 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlananda hələ uşaqlıqdan torpaqlarımızı mənfur düşməndən azad etmək arzusu ilə alışıb-yanan Həsən bu istəyini reallaşdırmaq üçün fürsət yarandığına görə, çox sevinirdi. Ona görə də oktyabrın 9-da böyük həvəslə, könüllü olaraq döyüş cəbhəsinə yola düşür. Zəngilan-Qubadlı istiqamətində gedən döyüşlərdə torpaqlarımız addım-addım, qarış-qarış azad olunduqca, fərəhi yerə-göyə sığmır, uşaq kimi atılıb-düşmək istəyirdi. Deyir ki, yanvarın 3-də cəbhədən kəndimizə qayıdanda həmkəndlilərim məni o qədər hərarətlə, o qədər hörmət-izzətlə qarşıladılar ki, qələbədən sonra belə sevinməmişdim. Belə xalqın, belə millətin yolunda candan keçmək də azdır.
Şair-jurnalist Əzizağa Məmmədli bildirdi ki, 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin siyasi iradəsi, qətiyyəti, ordumuzun rəşadəti və xalqımızın güclü mənəvi dəstəyi sayəsində qazanılan qələbədə sənin də payın var, əziz Vətən oğlu. Sənin kimi hər bir qalib əsgərimizin, həmçinin şəhidlərimizin, qazilərimizin igidliyi, şücaəti gələn nəsillər üçün örnək, nümunə olacaqdır. Sonra o, “Mən qalib əsgərəm” şeirini söylədi.
Söhbətə qoşulan Səidə Əliyeva, Nübar Bayramova vurğuladılar ki, Vətənimizin nə qədər ki, belə mərd, qeyrətli oğulları var, Azərbaycanımız da, millətimiz də həmişə var olacaq.
Qalib əsgərimizin anası, həm də onun müəllimi olmuş Yemən xanım, atası Hakim kişi övladlarıyla qürur duyduqlarını, Həsənin görüşünə gəldiyimizə görə, hədsiz sevindiklərini, bu görüşün onlara ruh verdiyini bildirdilər.
Sonda Türk Yazarlar Birliyinin üzvü, “Tikanlı məftillər” və “Boyat dərdim” şeirlər kitablarının müəllifi, “Həsən Kür” təxəllüsü ilə yazıb yaradan qəhrəmanın söylədiyi lirik duyğulu şeir hamını təsirləndirdi