ərtər, 8 oktyabr, T.Ağaməmmədov, AZƏRTAC
Tərtər, Goranboy və Yevlax rayonlarda ermənilərin ekoloji terroru səbəbindən 30 ildir ki, susuz qalan torpaqlara Suqovuşan kəndinin işğaldan azad olunması ilə yeni həyat gəlib. Azərbaycan əsgərinin oktyabrın 3-də azad etdiyi Suqovuşan kəndindəki su anbarından Tərtər çayına su verilib. Tərtər çayı indi bol su ilə axır.
AZƏRTAC xəbər verir ki, Tərtər rayonunun Suqovuşan kəndi ərazisində Tərtərçay çayı üzərində yerləşən ümumi həcmi 5,86 milyon kubmetr olan Suqovuşan su anbarı 28 il ərzində işğal altında olduğundan Tərtər rayonunun 24481, Ağdərənin 14380, Goranboy rayonunun 6938, Yevlax rayonunun 5912, Bərdə rayonunun 12620, Ağdam rayonunun 29886 və Ağcabədi rayonunun 2000 hektar, ümumilikdə isə 96217 hektar torpaq sahələrinin su təminatında ciddi çətinliklər yaranmışdı. Bununla yanaşı, suyun qarşısının ermənilər tərəfindən kəsilməsi kəskin ekoloji problemlər yaratmışdı.
Tərtərçay və Turağayçay çaylarından daxil olan sular su anbarında tənzimlənərək, ümumi suburaxma qabiliyyəti saniyədə 70 kubmetr olan əsas magistral kanala, kanalın 5,2 kilometrdən sonra isə hər birinin suburaxma qabiliyyəti saniyədə 50 və 20 kubmetr olan müvafiq olaraq Sağ Sahil və Sol Sahil magistral kanallarına verilirdi.
Sentyabrın 27-dən başlayan əks-hücum nəticəsində Şanlı Azərbaycan Ordusu tərəfindən Suqovuşan kəndi azad olunduqdan sonra Suqovuşan su anbarından suyun buraxılmasına nail olunub. Hazırda su anbarından buraxılan suların nizamlanması nəticəsində Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi, eyni zamanda, ekoloji tarazlıq təmin olunub.
Uzun illərdən bəri su təminatı çətin olan bu ərazilərə suyun verilməsi ilə gələcəkdə əkinlərin davamlı aparılmasına, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə və ekoloji tarazlığın bərpa edilməsinə təminat yaranıb. Bu ərazilərə öz axını ilə suyun verilməsi, eyni zamanda, ərazidə mövcud olan subartezian quyularının istifadəsinə tələbatın azalmasına və elektrik enerjisi sərfiyyatında qənaətin yaranmasına səbəb olacaq.
Əminik ki, Azərbaycan Ordusunun əks-hücum əməliyyatı ilə Suqovuşan su anbarı sisteminə daxil olan bütün obyektlər işğaldan azad olunacaq.