Bakı, 12 oktyabr, AZƏRTAC
BMT-nin Baş katibi qlobal istiləşmə ilə mübarizə planını açıqlayıb. O, qlobal istiləşməni insan sivilizasiyasının mövcudluğuna təhlükə adlandırıb. AZƏRTAC BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir ki, Antonio Quterreş TED Countdown Beynəlxalq İqlim təşəbbüsünün himayəsi altında keçirilən forum iştirakçıları qarşısında çıxış edərək xəbərdarlıq edib: “İndi hərəkət etməyə başlamasaq, bu əsr bəşəriyyət üçün son əsr ola bilər”.
Antonio Quterreş qlobal istiliyin artımının 1,5 selsi səviyyəsində saxlanılması barədə elm adamlarının fikrini xatırladıb. İqlimşünasların tövsiyələrinə baxmayaraq, bu tövsiyə hazırda yerinə yetirilmir.
“Dünyada milyardlarla insan bizim hərəkətsizliyimizdən əziyyət çəkir, - deyə BMT-nin Baş katibi bildirib. Mədən yanacağından köklü asılılığa görə biz yerimizdə addımlayırıq. Qlobal iqlim dəyişikliyi görünməmiş meşə yanğınları, intensiv və tez-tez baş verən siklonlar, daşqınlar, quraqlıq və digər ekstremal hava hadisələri ilə nəticələnir”.
Antonio Quterreşin sözlərinə görə, dünyanın heç bir ölkəsi iqlim böhranından sığortalanmayıb. Eyni zamanda, hər bir dövlətdə iqlim dəyişikliyi probleminin ortaya çıxmasında ən az iştirak edən əhalinin yoxsul və həssas təbəqələri ən çox əziyyət çəkir.
BMT rəhbəri bildirib ki, son 25 ildə dünya əhalisinin 10 faizini təşkil edən ən zənginlərin payına atmosferə atılan karbon tullantılarının 50 faizi düşür, ən yoxsul 50 faizinin isə atmosferə atdığı tullantıların həcmi 7 faizdir. “Biz hələ də daha etibarlı, daha ədalətli və davamlı dünya qura bilərik. Amma sürətlə hərəkət etməliyik”, - deyə o bildirib.
Antonio Quterreş hökumətləri və bütün beynəlxalq ictimaiyyəti aşağıdakı prinsiplərə əsaslanan sadə plan qəbul etməyə çağırıb:
– “yaşıl” iş yerlərinə prioritet investisiyalar;
– ətraf mühiti çirkləndirən sənaye sahələrini dəstəkləməkdən imtina;
– mədən yanacağının hasilatı və emalı ilə məşğul olan müəssisələrin subsidiyalaşdırılmasının dayandırılması;
– istənilən maliyyə və siyasi qərarların qəbulu zamanı iqlim risklərinin uçotu;
– qarşılıqlı yardım və həmrəylik ruhunda qlobal əməkdaşlıq;
– planetdə sağlam iqlim uğrunda mübarizədə geridə qalmış dövlətlərə yardım.
“Bu fəaliyyət planını artıq 2050-ci ilə qədər istixana qazı tullantılarının azaldılmasına görə üzərinə öhdəlik götürən minlərlə şirkət, şəhər, bölgə, universitet və özəl investor yerinə yetirir, - deyə Antonio Quterreş qeyd edib. Mən hərəkatımıza qoşulanlara minnətdarlığımı bildirirəm. Qalanlarına bir daha demək istəyirəm ki, bu döyüşü yalnız birlikdə qazana bilərik”.