Azərbaycanda yanvarın 17-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq bəzi yerlərdə sulu qar yağacağı, gündüz yağışa keçəcəyi, axşama doğru kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə və gündüz 1-3° isti, axşama doğru bəzi yerlərdə 1°-dək şaxta olacaq. Atmosfer təzyiqi 764 millimetr civə sütunundan 767 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 faiz təşkil edəcək.
Sinoptiklərin tibbi-meteoroloji xəbərdarlığına görə, yaxın günlər ərzində Abşeron yarımadasında tez-tez gilavar küləyinin xəzri küləyi ilə əvəzlənəcəyi, atmosfer təzyiqinin xeyli tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Azərbaycanın əsasən cənub və şərq rayonlarında havanın yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 4° şaxtadan 1°-dək isti, gündüz 5-8° isti, dağlarda gecə 8-13°, gündüz 0-5° şaxta, yüksək dağlıq ərazilərdə gecə 15-20°, gündüz 3-8° şaxta olacağı ehtimal edilir.
Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında arabir qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında arabir qar yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 5-10° şaxta, bəzi yerlərdə 15°-dək şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı proqnozlaşdırılır.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında arabir qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10°, bəzi yerlərdə 17-19° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı bildirilir.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli rayonlarında hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 3-8° şaxta, gündüz 4-8° isti olacağı ehtimal edilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi şərq rayonlarında havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 8-13°, gündüz 0-5° şaxta, yüksək dağlıq ərazilərdə gecə 15-20°, gündüz 3-8° şaxta olacağı ehtimalı var.
Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi şərq rayonlarında havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 4° şaxtadan 1°-dək isti, gündüz 5-8° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı ehtimal edilir. Bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-8° isti, dağlarda gecə 5-8°, gündüz 2-5° şaxta olacaq.