Qlobal iqlim dəyişikliyi ilə əlaqədar yaranan su problemi ölkəmizdə də hiss olunmaqdadır. Son günlər Kür çayının aşağı hissəsində suyun azalması bunun nəticəsidir. Hazırda ölkə ərazisində yağan intensiv yağışlar, eləcə də görülən müvafiq tədbirlər nəticəsində Kür çayının aşağı hissəsində suyun səviyyəsinin artması müşahidə olunur.
Bu barədə AZƏRTAC-a açıqlamasında Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Qulu Kərimov məlumat verib.
O bildirib ki, ölkəmizdə su problemi təxminən son 10 ildə özünü kəskin göstərməyə başlayıb. “Ümumiyyətlə qeyd etmək lazımdır ki, Kür çayının suyunun 70 faizi Azərbaycan sərhədindən kənarda formalaşır. Ölkəmizin ərazisində isə Böyük Qafqaz dağlarından qidalanan Türyançay, Girdimançay və Göyçay çayı Kürə qovuşur. Kürün aşağı hissəsində suyun azalmasının əsas səbəblərindən biri də adıçəkilən çaylarda suyun səviyyəsinin kəskin düşməsidir”.
Ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə hələ 2020-ci ildə Prezidentin Sərəncamı ilə aidiyyəti qurumların da təmsil olunduğu komissiyanın yaradıldığını xatırladan Qulu Kərimov qeyd edib ki, su ehtiyatlarından səmərəli istifadə daim diqqət mərkəzində saxlanılır: “Təsəvvür edin ki, keçən il Mingəçevir Su Anbarından aşağıda yerləşən rayonlara 60 kubmetr/saniyə su buraxılırdı. Bu il isə 90 kubmetr/saniyəyə çatdırılıb. Lakin Kürün aşağı axınında vəziyyət keçənilkindən pisdir. Suyun buraxılışında artım olsa da, Türyançay, Girdimançay və Göyçay çayında suyun azalması Kürün aşağı hissəsində belə vəziyyətin yaranmasına gətirib çıxarıb. Aidiyyəti qurumların fəaliyyətinin birgə təşkili, su ehtiyatlarından səmərəli istifadə edilməsi, suyun uçotunun dəqiq aparılması istiqamətində görülən işlərin nəticəsidir ki, ölkəmizə daxil olan suların azalmasına baxmayaraq, keçən il suvarma mövsümünün əvvəlinə 2020-ci ilə nisbətən 1 milyard kubmetrdən artıq su yığılmışdı”.
Onun sözlərinə görə, qeyd olunan suyun yığılması sadəcə su ehtiyatının artması ilə əlaqəli deyil. Eyni zamanda, nizamlama işlərinin nəticəsidir: “Mingəçevir Su Anbarından suyun buraxılması rejimə salınıb, eyni zamanda, anbardan qidalanan Yuxarı Qarabağ və Yuxarı Şirvan kanallarının iş rejimlərinə dəyişiklik edilib. Nəticədə biz artıq su ehtiyatı yığa bilmişik. Ona görə də ümumi su azalmasına baxmayaraq, ötən il suvarma mövsümü demək olar ki, qənaətbəxş keçib”.
Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi, həmçinin qeyd edib ki, su qıtlığı ümummilli problemdir. Ona görə də hər kəs su ehtiyatlarından səmərəli istifadə etməlidir. “Xüsusən də fermerlərimiz müasir suvarma sistemləri tətbiq etməlidirlər. Çünki müasir suvarma sistemlərinin tətbiqi nəticəsində həm su ehtiyatları qorunur, həm torpağın şoranlaşmasının qarşısı alınır, həm də məhsul bolluğu yaranır”, - deyə o əlavə edib.