Uzunmüddətli məlumatları təhlil etsək, görərik ki, həm ölkəyə daxil olan suyun həcmi, həm də Kürün aşağı axınında suyun miqdarı azalmaqdadır. Bunun səbəbləri müxtəlifdir. İlk öncə əsas faktor kimi iqlim amilini göstərmək istərdik. İqlim dəyişmələri nəticəsində nəinki Azərbaycanda, bir sıra ölkələrdə su defisiti problemi yaşanmaqdadır. Azərbaycanda iqlim dəyişmələri ilə bağlı ən həssas sektorlardan biri su sektorudur. Ölkəyə daxil olan suyun həcmi son 10 ildə 27 faiz azalıbsa, Kürün aşağı axınında azalma 50 faizdən çoxdur. İkinci səbəb kimi sudan səmərəsiz istifadəni qeyd etmək olar. Son dövrlərdə azsulu illər müşahidə olunmaqdadır. Qarlı, şaxtalı günlərin sayının azalması nəticəsində regionda çaylarda sululuq da azalır. Bununla yanaşı, suya tələbat artır. Tələbat artanda təəssüf ki, müasir metodlarla deyil, sudan ifrat dərəcədə istifadə baş verir. Kürün yuxarı axınında yaşayan vətəndaşlar mütləq sudan istifadə edərkən müasir üsullara müraciət etsələr, iqlim faktoru ilə bağlı yaranmış böhran daha da gərginləşməz.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva Ekologiya və Təbii Sərvətlər Nazirliyinin feysbuk səhifəsi üzərindən canlı yayımlanan “Ekspert saatı”nda deyib.
U.Tağıyeva qeyd edib ki, əvvəlki illərlə müqayisədə Kürün səviyyəsi xeyli enib: “Hətta bütün Kür üzərində olan müşahidələrə görə, ən aşağı səviyyə göstəriciləri qeydə alınıb. Bir müddət bundan əvvəl verilən proqnozlarda qeyd etmişdik ki, martda yağıntıların intensiv olması ilə əlaqədar Kürün aşağı axınında vəziyyətin tədricən dəyişməsi proqnozlaşdırılır. Məntəqələrdən aldığımız məlumatlar bunu təsdiqləyir. Kür çayının Qıraqkəsəmən məntəqəsində səviyyənin artımı müşahidə olunur və keçən ilin müvafiq dövrü ilə müqayisədə hazırda sululuq 16 faiz çoxdur. Qanıx çayının Cəlayir məntəqəsində keçən illə müqayisədə sululuq artıb və 33 faiz çoxdur.
Kürün aşağı axınında - Şirvan məntəqəsində dünənə nisbətən səviyyənin 22 santimetr artması qeydə alınıb. Bundan əlavə, suyun səviyyəsi Bankə məntəqəsində 17, Salyan məntəqəsində 24, Araz Novruzlu məntəqəsində isə 63 santimetrə qədər artıb. Yağıntılarla əlaqədar səviyyələrdə müsbət tendensiya müşahidə olunmaqdadır. Qarşıda – aprel, may, iyun aylarında gursululuq dövrü gözlənilir. Ümid edirik ki, vəziyyətin tədricən yaxşılığa doğru dəyişməsinə şahid olacağıq”.
U.Tağıyevanın sözlərinə görə, xidmətin mütəxəssisləri Kür çayının aşağı axınında duzluluğun artımı ilə bağlı monitorinqlər aparırlar. Son nəticələrə görə, çayda suyun həcminin artması ilə bağlı duzluluq da azalmaqdadır. Vəziyyət yaxşılığa doğru dəyişir