Anakur.az xəbər verir ki, Salyan rayonunda fəaliyyət göstərən “Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdyi “Şirvan Milli Parkının və Babazanan yüksəkliyinin ekoturizm imkanlarının təbliği təşəbbüslərinin dəstəklənməsi” layihəsi çərçivəsində ikinci və sonuncu ekoturizm səfərini təşkil etmişdir.
Tədbirdə “Ana Kür” İctimai Birliyinin layihə komandası ilə birlikdə rayonun veteran müəllimi, tədqiqatçı coğrafiyaşünas Nadir Rüstəmov, Respublika Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Salyan rayon komitəsinin sədri Vəfa xanım Əbilova, Respublika Uşaq Fondu Salyan rayon filialının sədri Sevinc xanım Bünyatova Salyan rayonunun Yenikənd kənd tam orta məktəbinin şagird və müəllim kollektivi, yerli QHT və KİV təmsilçiləri iştirak etmişlər.
Səfər iştirakçıları ilk olaraq Babazanan yüksəkliyinin əsas təbiət möcüzələrindən biri olan “Şır-Şır” isti su bulağına qalxmışlar. Layihə rəhbəri Rüstəm Məlikov ekoturun məqsəd və vəzifələri, artıq əldə olunan nəticələr barədə məlumat verdikdən sonra bulağın ekoloji və tibbi xüsusiyyətləri barədə danışmışdır.
Sonra iştirakçılar qədim insan məskənlərini ziyarət etmiş burada tapılmış küp qəbirlər barədə tədqiqatçı Nadir müəllimdən çox maraqlı bilgilər almış və onun gətirdiyi, vaxti ilə bu ərazilərdə çəkilmiş fotolarla yaxından tanış olmuşlar.
Nadir müəllim bildimişdir ki, Azərbaycanın olduqca qədim və zəngin tarixi vardır. Belə ərazilərimizdən biri də Babazanan dağı ərazisidir. Burada qədim küp qəbirlər tapılmışdır. Bu tapıntıların 2800 illik tarixi xarici ekspertlər tərəfindən də təsdiq edilmiş və bu tarixi hadisə Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü ildə imzaladığı “Muğan-Babazanan abidələrinin 2800 illiyinin qeyd edilməsi haqqında” sərəncamı ilə qeyd edilmişdir.
Ekotur iştirakçıları Babazanan yüksəkliyinin ən uca zirvəsinə qalxmış buradan ətrafı böyük maraqla seyr etmiş, başları üzərində Azərbaycanın ücrəngli bayrağını dalğalandıraraq xatirə şəkillər çəkdirmişlər.
İştirakçılar eyni maraqla buradakı “İsti su” bulağının ümumi mənzərəsi ilə tanış olmuş, dərsliklərdən əldə etdikləri bilikləri daha da zənginləşdirmışlər.
Layihə komandası “İsti su” ərazisində iməcilik keçirmiş, ətraf mühitin çirklənməsinin qarşısının alınması üçün buradakı plastik qab və digər tullantıları xüsusi qablarda toplayaq ərazidən uzaqlaşdırmışlar. Üç saatdan çox davam edən ekotur zamanı iştirakçılara sürücü xidməti, isti yemək, çay, su və digər zəruri ictimai iaşə xidmətləri göstərilmişdir.
Sonda iştirakçılara “Ana Kür” qəzetinin ictimai birliyin icra etdiyi layihəyə həsr etdiyi xüsusi nömrəsi paylanılmışdır. Hamı zəngin təəssüratla qayıtmışlar.