Hər yay fəslində, çimərlik mövsümü zamanı insanlar boğulma təhlükəsi ilə üz-üzə qalırlar, çimərliklərdə batan şəxslərlə bağlı gündəm olur. Elə Lənkəranda ard-arda qeydə alınan boğulma halları kimi.
Anakur.az AZƏRTAC -a istinadən xəbər verir ki, söhbət rayonun Sütəmurdov kəndi ərazisində Xəzərin nəzarət olunmayan sahilindən gedir. Burada son bir ayda 9 nəfər çimərkən batıb. Qeyri-çimərlik ərazilərində baş verən boğulma hallarında insanların həyatını xilas etmək mümkün olmur. Azyaşlılardan çimərliyə valideynsiz gələnlər çox təəssüflər olsun ki, daha çox mühafizə olunmayan ərazilərdə çimirlər. Baxmayaraq ki, sözü gedən ərazilərə “Çimmək qadağandır” və “Təhlükəli ərazi” nişanları yerləşdirilib, həmin hissə xüsusi lentlə haşiyələnib. Məlumat üçün bildirək ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Lənkəran" Xilasetmə Məntəqəsi Lənkəranın Sütəmurdov kəndindən 6 kilometr aralıdadır və nəzarət olunan çimərlik ərazisinə daxildir. Fövqəladə Hallar Nazirliyi əhalini qeyd olunan qaydalara riayət etməyə, çimərlik kimi nəzərdə tutulmayan nəzarətsiz ərazilərdən istifadə etməməyə çağırır.
FHN-in Cənub Regional mərkəzinin Maarifləndirmə sektorunun müdiri Zaur Hüseynov deyib: “Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə tədbirlərinə baxmayaraq, təəssüflə qeyd etməliyik ki, yenə də bəzi vətəndaşlar, xüsusilə uşaq və yeniyetmələr tərəfindən nəzarət olunmayan çimərlik ərazilərindən, xüsusilə Xəzər dənizinin qeyri-çimərlik ərazilərindən, çaylarda, göllərdə, su kanallarında və digər su hövzələrindən çimərlik məqsədilə istifadə olunur və bir çox hallarda həmin ərazilərdə xoşagəlməz nəticələr aşkar olunur. Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Xidməti tərəfindən cari ilin 15 iyul tarixindən başlayaraq gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Ümumilikdə, 124 nəfər il ərzində sulardan xilas olunmuşdur”.
Məlumat üçün bildirək ki, FHN Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Aqşin Əlilinin ötən gün mətbuata verdiyi məlumata görə, mövsüm başlayandan ümumi olaraq 125 nəfər suda boğulmadan xilas olunub, onlar hazırda sağlam həyatlarını davam etdirirlər. Ötən gün də Masallı rayonundan bir xanım dənizdə boğularkən FHN əməkdaşları tərəfindən xilas edilib. Xidmətin nəzarət etdiyi çimərliklərdə ölümlə nəticələnən suda boğulma hadisəsi qeydə alınmayıb. Bu rəqəmlər də ona əsas verir ki, nəzarətsiz çimərliklərdən istifadə olunmamalıdır.