12 Avqust - Xəzər dənizinin ətraf mühitinin mühafizəsi günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər və Xarici İşlər nazirlikləri, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmiləri və əməkdaşlarının, Alpinizm Federasiyasının nümayəndələrinin, eləcə də ASAN könüllüləri və ekokönüllülərin iştirakı ilə Xəzər dənizinin Novxanı sahilində genişmiqyaslı təmizlik aksiyası keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən anakur.az-a verilən məlumata görə, “Xəzər üçün birgə” devizi altında təşkil olunan təmizlik aksiyasında sahilboyu ərazilər 1 tona yaxın plastik və digər tullantılardan təmizlənib.
Təmizlik aksiyalarının keçirilməsində məqsəd sahilyanı ərazilərin məişət tullantıları ilə çirklənməsinin qarşısını almaq, Xəzər dənizinin və sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu işlərə daha geniş kütləni cəlb etməklə ölkənin sahilboyu ərazilərinin təmizliyinə nail olmaqdır.
Qeyd edək ki, təmizlik aksiyaları Xəzər dənizinin Azərbaycana aid şimaldan cənuba bütün sahilboyu ərazilərində - Xaçmaz, Siyəzən, Şabran, Neftçala, Salyan, Lənkəran, Astara rayonlarının və Sumqayıt şəhərinin Xəzər sahilində də baş tutub, ərazilər tullantılardan təmizlənib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər Günü ilə bağlı keçirilən tədbirlərdə fəal iştirak edərək ətraf mühitin mühafizəsinə qayğı və həssas münasibət göstərən təbiətsevərlərə və tərəfdaşlara göstərdikləri dəstəyə görə təşəkkür edir.
Qeyd edək ki, Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası 2006-cı il avqustun 12-də qüvvəyə mindikdən sonra hər il bu tarix Xəzər Günü kimi qeyd olunur.