Zərdab rayonunda ağacları kəsərək təbiətə ziyan vuran şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Körpükənd kəndi ərazisində qanunsuz olaraq ağac kəsməkdə şübhəli bilinən həmin kənd sakini Yarış Şəmiyev saxlanılıb. Qeyd edilən əraziyə keçirilən baxış zamanı sonuncu tərəfindən ümumilikdə 25 ədəd yaş gövdəli ağacın kəsildiyi müəyyən edilib.
Bundan əlavə, şöbə əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz olaraq saxlanılan odlu silahların könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər zamanı 1 nəfər rayon sakini müvafiq sənədləri olmayan ov tüfəngini könüllü olaraq polis əməkdaşlarına təhvil verib.
Faktlarla bağlı Zərdab Rayon Polis Şöbəsində araşdırmalar aparılır.