Bakı, 1 oktyabr, AZƏRTAC
Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) ikinci gününə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, ikinci günün açılışında çıxış edən Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev təkcə bu il iqlim dəyişikliyinin su və kənd təsərrüfatına dağıdıcı təsirləri və onun gətirdiyi fəlakətlərlə bağlı çoxlu nümunələr olduğunu bildirib: “Əgər tədbir görməsək, həmin dağıdıcı təsirlər bütün dünyada normaya çevriləcək. İqlim dəyişikliyinin bəzi şiddətli quraqlıqların 100 dəfə daha tez yaranmasına səbəb olacağı təxmin edilir. Qlobal temperaturun 2 dərəcə artmasının daha 200 milyon insanı aclığa sürükləyəcəyi proqnozlaşdırılır. Su və kənd təsərrüfatı sistemləri ilə bağlı gərginliklər daha da çətinləşəcək. Odur ki, dəyişən iqlimə uyğunlaşmaq üçün davamlı qida və su sistemləri qurmalıyıq. Bu, daha çox maliyyə, tədqiqat və yeni sistemlərin tətbiqi deməkdir”.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov su sistemlərinin iqlim dəyişikliyi ilə mübarizədə çox vacib rol oynadığını, ona görə də Azərbaycanda hazırda irriqasiya sistemlərinin müasirləşdirildiyini, daha səmərəli su idarəetmə sistemləri yaradıldığını və yeni bərpaolunan enerji resurslarına sərmayələr yatırıldığını bildirib.
Nazir noyabrın 19-da COP29 çərçivəsində qida, su və kənd təsərrüfatı mövzularının konkret müzakirə olunacağını diqqətə çatdırıb. “Azərbaycanda birbaşa olaraq kənd təsərrüfatı sektorunda adaptasiya tədbirlərini təşviq etmək üçün harmoniya təşəbbüsü artıq qurulub. Həmin təşəbbüs bir növ aqreqator rolunu oynayacaq. Belə ki, mövcud təşəbbüsləri, şəbəkə və koalisiyaları bir araya gətirərək onların gücünü istifadə edəcək. Məqsədimiz odur ki, təcrübə mübadiləsi aparaq, sinerji sahələrini müəyyənləşdirək, boşluqları tapaq və eyni zamanda, iqlimlə bağlı maliyyə resurslarına çıxış əldə edək, eyni zamanda, bu prosesdə qadın və gənclərin rolunu artıraq”, - deyə nazir bildirib.
Beynəlxalq Kənd Təsərrüfatı Tədqiqatları Məsləhətçi Qrupunun (CGIAR) icraçı direktoru İsmahane Elouafi hazırda dünyada əhalinin 10 faizi aclıq vəziyyətində yaşadığını, həmin rəqəmin gündən-günə artmaqda olduğunu diqqətə çatdırıb: "Qlobal temperatur 4 dərəcə artarsa, biz 2 milyarda yaxın insanın aclıq vəziyyətinə düşməsini görə bilərik. İqlim dəyişikliyi daşqınlara, quraqlıqlara səbəb olur. Həmçinin kənd təsərrüfatında məhsuldarlığı azaldır, icmaların həssaslığını artırır. Çünki onlar sudan və qidadan asılıdır.
Azərbaycan iqlim dəyişikliyi gündəliyi və onunla mübarizədə ən yaxşı ölkələr sırasındadır. Azərbaycanı, COP29 Sədrliyini qida, su və torpaq sistemlərinə yeni yanaşmaların ortaya qoyulmasında böyük səylər göstərdiyinə görə təbrik edirəm".
Birləşmiş Millətlər Təşkilatının (BMT) keçmiş Baş katibi Pan Gi Mun tədbirə ünvanladığı videomüraciətində kənd təsərrüfatına ayrılan investisiyalar və əməkdaşlığın kifayət olmadığını, effektiv tərəfdaşlıqlar göstərilən səylərin özəyini təşkil etməli olduğunu bildirib: "Kənd təsərrüfatında inqilab o zaman mümkün ola bilər ki, biz əlaqələndirilmiş və təşkilatlanmış şəkildə işləyək. Kənd təsərrüfatında adaptasiya tədbirlərinin daha da sürətləndirilməsi üçün daha çox maliyyə ayrılması vacibdir".
Tədbir panel sessiyalar və dəyirmi masalarla davam edib.
Qeyd edək ki, oktyabrın 4-dək davam edəcək tədbir adaptasiya olunan iqlim həllərini araşdırmaq və bu həll variantlarının tətbiqini sürətləndirmək üçün bütün dünyadan 700 nəfər insanı, o cümlədən dayanıqlılıq üzrə müxtəlif ekspert və siyasətçiləri, eləcə də özəl sektor və vətəndaş cəmiyyətinin liderlərini bir araya gətirir. Dünya ictimaiyyəti cari ilin noyabrında Bakıda keçiriləcək COP29 tədbirinə hazırlaşarkən, Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW) iqlim təqvimində mühüm an kimi tarixə düşəcək.
BMT Baş Assambleyasının 79-cu sessiyası və Nyu-York İqlim Həftəsindən sonra keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi COP Sədrliklərinin Üçlüyü tərəfindən elan edilmiş 1,5°C hədəfinə aparan yol xəritəsi çərçivəsində həyata keçirilən işlərin daha geniş vüsət almasını təmin edəcək və COP29 Sədrliyinin Fəaliyyət Gündəliyinə dəstək olacaq.
London İqlim Fəaliyyəti Həftəsi ilə tərəfdaşlıq çərçivəsində keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi iqlim həllərinin inkişaf etdirilməsi məsələsində beynəlxalq əməkdaşlıq və sinerjini daha da gücləndirəcək.