“Azərbaycanda 140-dan çox su anbarı, bu anbarlarda 21.9 milyard kubmetr su var”.
Anakur.az APA-nın məlumatına istinadən bildirir ki, bunu “Ekspert saatı”nda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov deyib. O bildirib ki, bu sular kənd təsərrüfatının inkişafında mühüm rol oynayır: “Son dövrlər yağıntıların az olması su anbarlarında suyun azalmasına səbəb olub, lakin görülən tədbirlər çərçivəsində bu problemi stabilləşdirmək mümkün olub".
Şöbə müdiri deyib ki, ölkə Prezidentinin təsdiq etdiyi tədbirlər planı çərçivəsində Azərbaycanda 10 su anbarının yenidən qurulması və yenilərinin tikilməsi nəzərə tutulur: “Bunlar əsasən Böyük Qafqaz dağlarının ətəyində olan çaylarımız, məsələn, Əlicançay, Qudyalçay, Vəlvələçay, Qaraçay, Qusarçay, Ağsuçay, Türyançay, Kiçik Qafqazda isə Zəyəmçay su anbarlarının tikilməsi nəzərdə tutulur. Bu su anbarlarının texniki iqtisadi əsaslandırmaları hazırlanır. Bununla bağlı aidiyyəti dövlət qurumları fəaliyyət göstərir. Hesab edirik yaxın illərdə bu su anbarlarının tikintisinə başlanılacaq”.
Əsmər Qabil