Yanvarın 25-də Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə Abşeron rayonunun Xırdalan şəhərindəki 27-ci məhəllə adlanan ərazidə uçqunla nəticələnən partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dərhal əraziyə nazirliyin müvafiq qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, uçqun ikimərtəbəli fərdi yaşayış evində baş verib, partlayış dalğasının təsirindən yaxınlıqdakı binaların şüşələri sınıb.
FHN-in əməkdaşları tərəfindən operativ olaraq biri qadın və biri uşaq olmaqla iki nəfər xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Dağıntı altında qalan şəxs və ya şəxslərin olması ehtimalı nəzərə alınaraq axtarış-xilasetmə əməliyyatı davam edir.