Ölkənin lider operatoru Gəncədəki abunəçilərinin balansını bütün istiqamətlərdə zəng və SMS üçün artırıb
“Azercell Telekom” şirkəti oktyabrın 17-də gecə saatlarında Gəncə şəhərinin mərkəzində yaşayış məhəlləsinin raket atəşinə tutulması, dinc insanların ölümü və yaralanması xəbərinə hədsiz kədərləndiyini bildirir.
Müstəqilik tariximizdə yaşadığımız ən gərgin və ağır dövrdə vətəndaşlarımızın yanında olan “Azercell” bu dəfə Gəncədəki abunəçilərinə rabitə dəstəyi göstərib. Bu məqamda Gəncədə olan insanların daha çox telefon zəngləri etdiyini nəzərə alaraq, “Azercell” şirkəti hazırda bu şəhərdə olan bütün abunəçilərinin balansına bütün istiqamətlərdə zənglər üçün 50 dəqiqə və 50 SMS yükləyib.
Ümid edirik ki, bu, Gəncədə olan vətəndaşlarımızın rabitə qayğılarının nisbətən aradan qaldırılmasına yardımçı olacaq.
Xatırladaq ki, erməni təxribatlarına cavab olaraq rəşadətli Ordumuzun əks-həmlə əməliyyatına başladığı ilk andan “Azercell” şirkəti xalqımızın, dövlətin və silahlı qüvvələrimizin yanında olub.
“Azercell” şirkəti Orduya dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat ianə edib. Bundan əlavə, əsgərlərimizlə yanaşı, ağır informasiya müharibəsində savaşan jurnalistlərə, cəbhə bölgəsinə ezam edilmiş müxtəlif KİV işçilərinin hamısının balansına “Azercell” 100 manat köçürüb.
“Azercell” şirkəti bir daha bu kədərli anlarda Gəncədə raket hücumu nəticəsində həlak olan vətəndaşlarımızın ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara səbir diləyir. Yaralılara isə tez sağalmalarını arzulayır.
Hazırda qələbə naminə ön cəbhədə döyüşən şanlı ordumuz Azərbaycan bayrağını artıq Füzulidə dalğalandırdı. Cəsur əsgər və zabitlərimizə ruh yüksəkliyi və cansağlığı arzu edirik.
Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan Ordusu! Qarabağa #gəlirik!