
Müasir texnologiyaların inkişafı bütün sahələrdə olduğu kimi jurnalistikaya da təsir edir. Dünyanın müxtəlif ölkələrində jurnalistlər süni intellekt alətlərinin köməyi ilə faktların doğruluğunu yoxlayır, mətnlər yazır və fotolar hazırlayırlar.
Bəzi ekspertlər və jurnalistlər süni intellektin təhlükələri ilə bağlı həyəcan təbili çalır. Onlar yeni texnologiyanın jurnalist peşəsini sıradan çıxaracağını düşünür.
Həqiqətən süni intellekt və ümumilikdə yeni texnologiyalar bir sıra peşələrin yoxa çıxmasına səbəb olub. "Goldman Sachs" analitik mərkəzinin məlumatına görə, süni intellekt dünyada mütəxəssislərin 7%-ni əmək bazarından sıxışdırıb çıxara bilər. Hesablamalara görə, "ChatGPT" və ya "Midjourney" kimi süni intellekt alətləri ABŞ-da hər dörd işçidən birini əvəz edəcək. Bu texnologiyanın 300 milyon insanın işsiz qalmasına səbəb olacağı ehtimal edilir.
"Business Insider" portalının mütəxəssisləri süni intellektin inkişafı nəticəsində tamamilə yox ola biləcək 10 peşənin siyahısını tərtib ediblər. Onlar arasında proqramçılar, hüquq məsləhətçiləri, marketoloqlar,müəllimlərlə yanaşı jurnalistlər də var. Buna baxmayaraq, süni intellektin jurnalistikaya təsirləri ilə bağlı fikirlər birmənalı deyil.