UEFA Avropa Liqasının pley-off mərhələsində “Legiya”nı məğlub edərək qrupa adlayan “Qarabağ”ın heyəti qarşılaşmadan sonra qələbəni hərbi salamla qeyd edib.
Polşada "Legiya" üzərində qələbə həqiqətən çox vacib qələbə oldu.
Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının pley-off mərhələsində Polşada "Legiya"nı 3:0 hesabı ilə məğlub edərək qrupa vəsiqə qazandıqları oyundan sonra Heydər Əliyev aeroportunda jurnalistlərə deyib.
O, sözünə belə davam edib: "Dəfələrlə qeyd etmişəm, bəzən fikirlər olur ki, ardıcıl 3-4 il uğur qazandıqdan sonra 1 il uğur əldə etməsək də, bizi bağışlayarlar. Amma biz elə komandayıq ki, elə şəraitdə oyunlarımız olur belə fikrə düşə bilmərik. Bu gün yükü üstümüzdən ata bildikmi? Əlbəttə, xeyr. Bəlkə də kənardan baxanda yük kimi görünür.
Lakin inanın ki, biz sevə-sevə bu işi görmək, uğur qazanmaq istəyirdik. Qarabağ adının məsuliyyətini, üzərimizə düşən vəzifəni yaxşı bilirik. Komandanı hər oyuna düzgün hazırlamağa çalışırıq. Bu mövsüm avrokuboklarda 4 oyunumuz - 3-ü Çempionlar Liqasında, 1-i Avropa liqasında - oldu.
Penaltilər seriyasını nəzərə almasaq, məğlubiyyətimiz olmadı. 4 oyunda cəmi 1 qol buraxdıq. Düşünürəm ki, bu, heç də pis nəticə deyil. Allah nəsib etdi ki, yenidən qrupa düşdük.
Hazırkı vəziyyətdə, müharibə şəraitində bu, vacib qələbədir. Matçdan dərhal sonra futbolçularıma təşəkkürümü bildirdim. Onların üzərində həddindən artıq çox yük var idi. Bu oyunun məsuliyyətini hiss edirdilər. Bu, futbolçuların meydandakı çıxışından, üz ifadələrindən də hiss olunurdu. Nə qədər ki, futbol, idman var, bu yük üstümüzdən getməyəcək. "Qarabağ"da bu, ikiqat artıq olur.
Azarkeşlərimiz daim bizdən qələbə gözləyir. Biz də öz növbəmizdə hər zaman Azərbaycanı, Qarabağımızı, Ordumuzu layiqincə təmsil etməyə çalışırıq".
Qurban Qurbanovun sözlərinə görə, son günlərdə əsgərlərimizin fədakarlığı yanında bu qələbə çox cüzi bir şeydir:
"Neçə-neçə analar övladsız, övladlar valideynsiz qalıb. Nə qədər desək ki, özümüzü tam olaraq oyuna kökləmişdik, fikrimiz burada idi, cəbhədən xəbərləri izləyirdik. Hər bir halda futbolçularımla fəxr edirəm ki, belə bir nəticə əldə edə bildik.
Hətta oyundan öncə söhbətimiz oldu ki, bu gün burada legioner yoxdur, hamımız azərbaycanlıyıq. Bildirdik ki, hamı meydanda layiqli oyun göstərməli, bütün bacarığını ortaya qoymalıdır. Şükürlər olsun ki, sonda qələbə bizim oldu".