Zaman keçdikcə ətrafımız, dünyamız haqqında məlumatımız artdıqca, bilgilərimiz də çoxalır. Bu mürəkkəb aləmdə öz yerimizi, öz mövqeyimizi daha yaxşı görürük. Bu fikirlər nə qədər şəxsi, subyektiv olsa da, bir o qədər ictimai qaynaqlara söykənir, insan öz yurdunu, ölkəsini, doğulub boya-başa çatdığı torpağı daha çox sevir, onun varlığı ilə, tarixi şəxsiyyətləri, alim və şairləri ilə qürur duyur. Və bu iftixar, məmnunluq hisslərinin içində öz tarixi şəxsiyyətlərimizi heç də lazımınca təbliğ etmədiyimizi də anlayıram. Əliağa Kürçaylının xatirəsinə həsr edilmiş kiçik qeydlər də bu mənbədən qaynaqlanır.
Ötən illərin mənim üçün yaddaqalan hadisələrindən biri də Cənubi Azərbaycana səfərlərim olmuşdur. Ərdəbildə Şah İsmayıl Xətainin uyuduğu məkanda, Təbrizdə isə Ərk qalasında, ustad Şəhriyarın bu gün muzey kimi fəaliyyət göstərən, yaşayıb-yaratdığı mənzildə olduğum anlar, yaşadığım hisslər həqiqətən də ictimai mahiyyət daşıyır. Bu ünvanların bütün azərbaycanlılar üçün əziz və doğma olduğunu səfərlər zamanı mən bir daha hiss etdim.
Şəhriyarın ev muzeyində onun oğlu Hadi ilə tanışlığımız, söhbətimiz isə səfərimizin yaddaqalan anlarına çevrildi. Burada muzeyin kollektivi çalışsa da, Hadi hər bir qonağı salamlamağı, suallarını cavablandırması bizi də özünə çəkdi. Jurnalist marağımızı çəkən bir neçə sualla ona müraciət etmək istədik. Təbii ki, bizi ən çox Şəhriyarın qazandığı ümumxalq məhəbbəti, xalqın ona olan sevgisinin səbəbi idi. Cavab da çox orijinal və səmimi oldu. Şəhriyarın oğlu dedi ki, atam xalqın həyatını, güzəranını, arzu və istəyini çox sadə tərzdə, hamının anlaya biləcəyi dildə ifadə etmişdir.
Maraqlı məqam da bundan sonra oldu. Hadi Şəhriyarın Azərbaycan şair və yazıçılarını çox sevdiyini, onların da atasına olan hüsn-rəğbətlərindən fərəhlə danışdı. Biləndə ki, Şəhriyarı Azərbaycanın bütün guşələrində, o cümlədən Salyanda da anırlar, şeirlərini əzbər bilirlər, bir an dayandı:
-Demək, Əliağa Kürçaylının həmyerlilərisiniz,-dedi.
Qəlbimizin dərinliyindən göz yaşı qədər saf bir hiss keçdiyini hiss etdim. Müsahibəni davam etdirməyi yox, bu, mənim üçün çox dəyərli anların təsirini uzatmaq, bu duyğularla daha çox yaşamaq istədim. Hadi bizi ev muzeyinin otaqlarının birinə apardı, burada da çoxlu sayda ziyarətçi var idi. Divarlarda və xüsusi hazırlanmış şüşə vitrinlərin altında Şəhriyarın şəxsi əşyaları, qələm və dəftərləri, məktubları nümayiş olunurdu. Hadi şüşə altında açıq halda qoyulmuş dəftəri, oradakı yazını göstərib "Oxuya bilirsinizmi?"-deyə soruşdu. Təbii ki, biz əsgi əlifbanı bilmirdik və sadəcə, "Yox"-dedik.
-Burada Əliağa Kürçaylının "Filər də ağlayar…" şeiri nümayiş olunur. Atam sizin həmyerlinizin üzünü görməsə də, şeirlərini çox sevərdi. Ona rəğbəti böyük idi. Bu şeiri də uşaq olarkən bizim üçün tez-tez oxuyardı.
Səfərimiz boyu mən bu görüşün təsiri altında qaldım və Salyana qayıtdıqdan sonra Əliağa Kürçaylının Şəhriyar tərəfindən sevilən "Fillər də ağlayar” şeirini yenidən oxudum. Oxuduqca burada böyük Şəhriyarı özünə çəkən ictimai motivləri, şeirin poeziyasını və fəlsəfəsini yenidən yaşadım.
İndi o səfərdən bir çox illər keçib. Hər dəfə Əliağa Kürçaylını mütaliə edəndə o xatirəni yenidən yaşayıram. Və bu barədə redaksiyamızda qonaq olan istedadlı həmyerlimiz Əlisəmid Kürə danışanda o da hiss və həyəcanlarını özünəməxsus tərzdə bildirdi:
-Bütün bunları mətbuatda ver. Qoy həmyerlilərimiz, oxucular Əliağa Kürçaylının nə qədər böyük şair olduğunu, dövrünün, zamanının məkanından çıxdığını bilsinlər.
Görüş zamanı Əlisəmid Kür ustad Şəhriyarın oğlu Hadinin Bakıya ilk səfərini, birlikdə görüş və söhbətlərini xatırladı. Dedi ki, Şəhriyarın oğlu Hadi, respublikamızın tanınmış ziyalılarından Umud Rəhimoğlu, Tofiq Qaraqaya ilə birlikdə indiki Heydər Əliyev adına sarayın qarşısından dəniz kənarına doğru piyada gedirdik. Bu vaxt qarşımızda "QAZ-24" markalı bir maşın dayandı. Sükan arxasından düşən sürücü bizimlə görüşdü. Mən Hadiyə müraciətlə:
-Tanış olun, Xəlil Rza Ulutürkün oğlu Rza.
Rzaya isə:
-Ustad Şəhriyarın oğlu Hadi.
Mən Hadidən qabaqda oturmağı xahiş etdim. Maşınımız dəniz kənarına doğru istiqamət götürdü. Həmin gün hər iki sənətkarın oğlunda xatirəyə çevriləcək bir görüş alındı. Biz də bu görüşün iştirakçısı olduq.
Bu xatirəni bizə danışdığı üçün şair dostumuz Əlisəmidə, Əliağa Kürçaylının böyük təbliğatçısına öz dərin minnətdarlıq və təşəkkürümüzü bildirdik. Arzu edirik ki, harada olmağımızdan, məşğuliyyətimizdən asılı olmayaraq xalqımızın düşüncəsinə həkk olunmuş insan-larımızı yaşadaq, təbliğ edək.
...Təbrizdə, bu qədim Azərbaycan şəhərində bizə doğma olan ünvanlar çoxdur. Onlardan biri də ustad Şəhriyarın ev muzeyidir. Qapısını döyməyə ehtiyac yoxdur.O, sahibinin ürəyi kimi həmişə üzümüzə açıqdır. Yetər ki, ürəyinizdə istək olsun, buyurun. Fərqli bir aləmin birgünlük sakini olmağa dəyər. Unutmayaq ki, burada Əliağa Kürçaylı poeziyasının da bizim üçün qəribsəyən bir nəfəsi var.
Rüstəm MƏLİKOV,
Ali Media mükafatı laureatı. Təbriz-Salyan.
Əliağa KÜRÇAYLI
Fillər də ağlayar
Dolaşıb yanımda öz adətinlə
Atılıb-düşürsən, oyun açırsan.
O şıltaq, o şeytan təbiətinlə
Hərdən yıxılırsan, durub qaçırsan.
Sənə qoşulurdum həmişə mən də
Hay-küy də salırdın, qab da qırırdın,
Qəlbinə dəymirdim. İşdən dönəndə
Sən mənə nağıl da danışdırırdın.
Bu gün elə deyil. Kədərliyəm mən,
Şıltaq oyunların açmır qəlbimi.
Əlini qeyzlə çəkdim üzümdən,
Baxdın gözlərimə oxlanmış kimi.
Mən heç vaxt qəlbinə toxunmamışdım,
Bu gün ürəyimdən xəbərin varmı?
Baxdın gözlərimə - gözlərim yaşdı,
Kişi də… Ata da heç ağlayarmı?
Yox, yox, sən uşaqsan, kiçiksən hələ,
Atanı ağladan səbəb var, qızım.
Azman görkəmiylə o fillər belə
Bəzən dözməyərək ağlayar, qızım.
Həyat bəsləyibdir möhkəm, sərt məni,
Heç vaxt bilməmişəm bahardı, qışdı.
Aldığım zərbələr, aclıq, dərd məni
Heç zaman, heç zaman ağlatmamışdı.
Baban bu dünyadan köçüb gedəndə
Atanın indiki yaşında idi.
(Atalar gənc ölür… Kim bilir mən də…)
Onda ağlamadım, fəqət qəm yedim.
Nənən də öləndə ağlamadım mən,
Qəlbimə axırdı gözümün yaşı.
Deyirlər, su içir saçlar ürəkdən,
Budur bax, аğarır atanın başı.
Gülüm, bilirsənmi şairdir atan,
Söylə, bilirsənmi şairlik nədir?
Gözümün yaşını bu gün axıdan
Səbəb də, günah da şairlikdədir.
Yox, təvazökarlıq tutmur bu yerdə,
Şairəm, özü də yaxşısındanam.
Bunu yüz yol deyib tənqidçilər də,
Lap heç deməsinlər. Məgər nadanam?!
Gücümü, qüvvəmi görmürəm məgər,
Məgər mən görmürəm yaxşını, pisi?
Öz zövqüm mənimçün dünyaya dəyər,
Gəlsə də dünyanın min tənqidçisi.
Bir də İndi şair artıb o qədər,
Bahar seli kimi hey gəlir ardı.
Onların yanında mənim kimilər
Puşkindi, Sabirdi, Pol Eluardı.
Düzdür, şeriyyətin yolunda mən də
Elə bir uca dağ yaratmamışam.
Lakin xoşbəxtəm ki, sözü deyəndə
Bir əvəz almağa can atmamışam.
Mən çalışmamışam xoşa gəlməyə,
Çoxları ucalıb bu yolla, nə qəm.
Dalda dodaq büzüb, üzə gülməyə
Can bala, əvvəldən öyrənməmişəm.
Şair var, görürsən, hər kəlməbaşı
"Dərdin alım" deyir qadınlar kimi.
Baxırsan gövdəsi dəyirman daşı,
Hərlənir sənətdə payı var kimi.
Ötəri insana, ötəri hissə
Şeir yazmamışam. Şadam buna da.
Nəğməmin ürəyi Vətən deyilsə,
Mənə oğul deməz doğma ana da!
Lakin sözlərinə çox inandığım,
Dönməz, ləyaqətli insan sandığım,
Şəninə nəğmələr qoşduğum insan
Qəlbimi tapdadı bu gün, balacan.
O dedi üzümə: "Lazımsa əgər
İnsan sözünü də dəyişməlidir.
Tufanlara qarşı dursa bir nəfər,
Xəstə yatağından qaçan dəlidir…"
O dedi: "Nəsimi dönsəydi bir an
Söylə, diri-diri soyulardımı?
Cordano Bruno hətta yalandan
Dönsəydi, tonqalda kül olardımı?"
Bunları o dedi, O dedi, bəli,
Quruyub mən daşa döndüm az qala.
Mərdliyin, şərtliyin uca heykəli-
Mən ona bu sayaq baxırdım, bala.
İndi ağlayıram mən bu dərd ilə,
Yandırır sinəmi qəm-qubar, qızım.
Azman görkəmiylə o fillər belə
Bəzən dözməyərək ağlayar, qızım.
Yerə tabaşirlə çəkib xanalar,
Siz dünən həyatda oynayırdınız.
Sənin özün kimi qəşəng bir qız var,
Çığallıq elədi oyunda o qız.
Balaca əlini ölçə-ölçə sən
Sübuta yetirdin haqq olduğunu.
O qız da dönmədi öz dediyindən
Durub seyr edirdim kənardan bunu.
Nəsihət verməyi sevir böyüklər,
Yanaşıb mən səni danladım bir az.
Özgə uşağına adam nə deyər?-
Sənə acıqlandım, dedim: yaramaz!
Dedim güzəştə get, olsan da haqlı!
Oyundan kənara çəkildin həmən.
Baxdın gözlərimə sən qaşqabaqlı,
Hönkürdün, hıçqırdın, ağladın birdən.
Mənə haqsız dedin, haqlıykən dönmək
Balaca qəlbinə gəldi ar, qızım.
Uşaq heç, haqsızlıq önündə demək
Bəzən böyüklər də ağlayar, qızım.
Mənə "sözlərini dəyiş!" söyləyən
O əmi görəydi səni bu anda!
Görəydi atanın önündə də sən
Sözündən dönməyib məğrur duranda.
Balaca boyunu, şah vüqarını
Görüb bir xəcalət çəkəydi barı.
Görəydi özünü, övladlarını
Dönməyib ölümə tapşıranları.
İnsanlar bir ömür yaşayır ancaq,
Demək sürünmək də, uçmaq da olar.
Çətindir kürənin üzünü tapmaq,
Şüşə güzgüsündə bircə üzü var.
Bir üzlü, bir sözlü-demiş atalar,
Yüz ildir belə bir ömrün bir günü.
Bu Odlar yurdunda bir məsəl də var:
Kişilər yalamaz tüpürdüyünü…
O isə yaladı, hətta mənə də
Belə rəzaləti gördü məsləhət.
Bax, qızım, gözlərim doldu yenə də,
Sinəmdə nifrətə döndü məhəbbət.
Sən başa düşməzsən, uşaqsan hələ,
Atanı ağladan səbəb var, qızım.
Azman görkəmiylə o fillər belə
Bəzən dözməyərək ağlayar, qızım!
1967.