Ekoloq şair Oqtay Rzanın xatirəsi yad edilmişdir : "UZAQDA GÖRÜNƏN TƏK İŞIQ"
...Bu acı xəbəri bril əvvəl, məzuniyyətdə, ölkədən kənarda olduğum müddətdə eşitmişdim. Və ilk dəfə qərib yerdə öz doğmasını, əzizini itirən bir insanın keçirdiyi hisslərin nə demək olduğunu yaşadım. Allah heç kimə göstərməsin. Lakin böyük Yaradan artıq bu həqiqəti gerçəkləşdirmişdi. Dünyaya gətirdiyi, qüdrət verdiyi insanı öz əbədi məkanına aparmışdı...
Kim idi Oqtay Rza? Bu suala nəinki Salyanda, doğma respublikamızın hər yerində, hətta uzaq-uzaq türk ellərində, digər yabançı ölkələrdə belə cavab verməyə hazır olan kifayət qədər adam tanıyıram. O, çoxları üçün müəllim, alim, tərcüməçi, qohum, dost, yoldaş olsa da, hamı üçün bir mənada şair idi, ustad idi. Müasir Azərbaycan poeziyasının ən ağsaqqal simalarından biri, sonuncu magikandı. Oqtay Rza nəinki öz şeirlərini, hətta klassik və müasir şairlərimizin yaradıcılığından ən yaxşı nümunələri əzbər bilirdi. Onun haqqında keçmiş zamanda danışmaq çox çətindir.
İllər gəlib gedəcək, çox şey dəyişəcək. Biz də, digərləri də həyatda olmayacaq. Lakin Oqtay Rza olacaq: "Uzaqda görünən tək işıq kimi". 85-i də, 100 yaşı da qeyd ediləcək, xatirələrdə əbədi yaşayacaqdır. Həmyerliləri, onu sevənlər Əliağa Kürçaylını, Xəlil Rzanı, Ağacavad Əlizadəni, Aşıq Pənahı sevən kimi onu da yaşadacaqlar.
Oqtay Rza digər həmyerlilərimiz, filologiya elmləri doktoru İmamverdi Əbilov, tibb elmləri namizədi Əvəzağa Məlikovla bərabər "Ana Kür" qəzetinin redaksiya heyətinin üzvü kimi bizə çox kömək edərdi. Bakı şəhərindən çıxanda telefon açar: "İndicə arabaya minərək Salyana, doğma "Qələbə" və "Ana Kür" qəzetlərinə istiqamət götürmüşəm",-deyərdi. Və təqribən saatyarımdan sonra redaksiyamızın dəhlizində qocaman şairin ildırımların şaqqıltısını, şəlalələrin gurultusunu əks etdirən səsi bürüyərdi. Həmin gün redaksiyamızda, rayonda sanki poeziya bayramı olardı. O, əməkdaşlarımızın adını, soyadını, hətta oğul və nəticələrinin adlarını bilirdi və bir çoxuna şeir-rübai həsr etmişdi.
O heç bir dəvəti yersiz hesab etməzdi. İmkan olan yerdə xeyirdə-şərdə başda olardı. Dəfələrlə "Qələbə" qəzetinin yubileylərində, mətbuat günlərində bizimlə birlikdə olmuş, qəzetlə bağlı xatirələrini danışmış, şeirlərini söyləmişdi. 2019-cu ilin fevral ayında da "Qələbə"nin 95, "Ana Kür" qəzetinin 10 illik yubileylərində qonağımız idi. Həmişə ona göstərilən diqqət və qayğıdan, mehriban münasibətdən məmnunluq ifadə edərdi. Hətta Salyandan paytaxta qayıdanda əlavə zəng edər, sağ-salamat çatdığını bildirərdi.
Sonuncu dəfə Salyanda şair İlham Qəhrəmanın oxucularla görüşündə birlikdə iştirak etdik. Tarix-Diyarşünaslıq Muzeyində keçirilən tədbirdə şair çox gümrah idi. Ayaq üstə özünəməxsus çıxış etdi. İlhamın poeziyasını xarakterizə etdikdən sonra əzbərdən, həmişə olduğu kimi, şeirlərini söylədi. Bu tədbirlərdə şairin şeir söyləyərkən fotoşəklini çəkdim. Sanıram ki, bu onun son şəkli oldu. Ayaq üstə, bir əlində qəzet parçası, o biri əli isə üzüyuxarı.
Rəhbərlik etdiyim "Ana Kür" İctimai Birliyinin Bakı şəhərində keçirilən tədbirlərinin demək olar ki, hamısında iştirak etmişdir. Ümummilli liderimiz Heydər Əliyevin məzarını salyanlı məktəblilərlə birgə ziyarət etməsi, xalq şairi Xəlil Rzanın, Milli Qəhrəman Təbriz Xəlilbəylinin məzarları önündə söylədiyi vətənpərvərlik ruhlu şeirlərini nəinki səfər iştirakçıları, həmçinin xiyabanda olan digər ziyarətçilər də maraqla dinləyirdilər. İcra etdiyimiz layihə çərçivəsində son tədbirimiz ötən ilin may ayında oldu. Salyan məktəblilərindən bir qrupunun Bakı şəhərində Hərb Tarixi Muzeyinə səfəri zamanı da şair bizimlə idi. Muzey kollektivi və səfər heyəti qarşısında alovlu çıxış etdi, şeirlər söylədi. Yaşına, biliyinə, təcrübəsinə görə gəldiyi qənaətdən, tarixi həqiqətlərdən danışdı. Bizimlə şəkil çəkdirdi.
İnanırdıq ki, o, hələ nəinki 85-in, daha böyük yubileylərinin aparıcısı özü olacaq, məclislərinə masabəyilik edəcək. Həyat ona bir insana gərək olan hər şeyi vermişdi: yüksək təhsil, uzun ömür, cəmiyyət arasında hörmət, ailə, oğul, nəvə-nəticə...Və Allahın vergisi olan şairlik istedadı. O, necə yaşayıbsa, elə də xatirələrdə qalacaqdır. Allah rəhmət eləsin.
Bu ilin avqustun isti günlərindən birində-18-ində ustadın anım günü hamımız tərəfindən anıldı.Karantin tələblərini nəzərə alaraq məzarı üstə fərdi qaydada gedən də oldu, social şəbəkədə haqqında xatirə yazan da .
Minlərlə oxucu, onu tanıyanlar “ Uzaqda görünən tək işıq” kimi Oqtay Rzanı xatırlayacqlar.
Rüstəm MƏLİKOV. Ali Media mükafatı laureatı