Meşə pozuntuları ilə əlaqədar çoxlu şikayətlər var. Etiraf etmək lazımdır ki, bir çox hallarda meşələrin qırılmasında iştirak edənlər gözətçilərlə əlbir olurlar və ya bu proses gözətçilərin səriştəsizliyi ucbatından baş verir. Elə həmin səbəblərə görə ötən il və bu ilin altı ayı ərzində 647 meşə gözətçisi işdən çıxarılıb və yeniləri ilə əvəz edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər nazirliyi Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə nazirliyin “facebook” səhifəsində istifadəçilərin suallarına cavab verərkən deyib.
Onun verdiyi məlumata görə, Təhsil Nazirliyi, Dövlət Sərhəd Xidmətinin və ucqar regionlarda yaşayan əhalinin təchizatı üçün il ərzində ölkəmizdə 64 min kubmetr odun tədarükünə ehtiyac var: “Onu da deyim ki, Azərbaycan bu sahədə irəliyə doğru çox böyük addım atıb. Ölkəmizin ərazisində 96 faiz qazlaşdırma aparılıb və bu, çox yüksək bir göstəricidir. Qaz yanacağı olmayan ucqar ərazilər üçün odun tədarükü vacibdir. Bu prosesdə həm odun, həm də içlik materiallar əldə edilərək maya dəyəri nəzərə alınmaqla bir sıra müəssisələrə satışı həyata keçirilir. Əksər hallarda meşə materialından qismən yeşiklərin düzəldilməsi üçün istifadə edilir.
Keçən il və bu ilin yeddi ayında qeyri-meşə fondunun torpaqlarında 356 min, meşə fondu torpaqlarında keçən il 524 min, bu il 261 min ağac əkilib. Bu, 1 milyon 800 min ağac deməkdir. Hansısa ərazilərdə çox nadir hallarda meşə qırılması və odun tədarükü zamanı əldə edilən içlik materialların sexlərə verilməsində qanunsuz hallara qarşı ciddi mübarizə aparılır”.