Neftçala şəhərində su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Hazırda Neftçala şəhərini içməli su ilə təmin edəcək magistral su kəmərinin və su anbarının tikintisi həyata keçirilir. Eyni zamanda, şəhərə və ətraf kəndlərə nəqliyyat vasitələri ilə içməli suyun daşınması təmin edilir.
“Azərsu” ASC-dən AZƏRTAC-a bildirilib ki, Neftçala şəhəri və ətraf kəndlərin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə icra olunan layihəyə əsasən, su mənbəyi Şirvan-Muğan qrup su kəməri seçilib. Buradan Neftçala şəhərinə özüaxımlı rejimdə suyun verilməsini təmin etmək üçün Salyan şəhərinin yaxınlığında nisbətən relyef baxımından yüksəklikdə 7500 kubmetr tutumu olan su anbarı inşa olunur. Bununla paralel olaraq su anbarından Neftçala şəhərinə qədər 560 millimetr diametrli polietilen borularla 44 kilometr uzunluğunda magistral su kəmərinin inşası davam etdirilir. Hazırda su anbarının tikintisi üzrə işlərin 40 faizdən çoxu icra olunub. Magistral kəmərin isə 22 kilometrlik hissəsində işlər yekunlaşıb. Bununla da su anbarının və magistral kəmərin tikintisi üzrə işlərin 50 faizi icra edilib. Tikinti-quraşdırma işlərinin cari ilin noyabr ayında başa çatdırılması nəzərdə tutulur. Yeni tikilən magistral su kəməri Neftçala şəhərindəki mövcud şəbəkəyə birləşdirildikdən sonra suyun verilməsi təmin ediləcək.
Qeyd edək ki, son vaxtlar Kür çayında suyun azalması səbəbindən codluğun yüksəlməsi suyun keyfiyyətinə təsir edib və onu içməyə yararsız hala salıb. Buna görə də rayon mərkəzinin, eləcə də ətraf kənd və qəsəbələrin içməli suya olan tələbatı maşınlarla daşınan su hesabına təmin olunur. Hazırda hər gün Salyan rayonundan 30-dan çox nəqliyyat vasitəsilə Neftçalaya su daşınır. Daşınan su məhəllələrdə quraşdırılmış çənlərə, həmçinin kəndlərdəki modul tipli sutəmziləyici qurğuların anbarlarına doldurulur. Əhaliyə verilən içməli suyun keyfiyyətinə səyyar laboratoriyalar tərəfindən mütəmadi nəzarət olunur.
Neftçala şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində gələcəkdə Neftçala şəhəri, eləcə də şəhər mərkəzinə bitişik Bankə və Kürkənd qəsəbələrində 118 kilometrlik içməli su, 116 kilometrlik kanalizasiya şəbəkələri, 8,6 kilometrlik kanalizasiya kollektoru və tullantı suların təmizlənib zərərsizləşdirilməsi məqsədilə tullantı sutəmizləyici qurğunun inşası planlaşdırılır.