44 günlük Vətən müharibəsindəki qələbəmiz bölgədə sülhün və təhlükəsizliyin təmin ediləcəyi təqdirdə iqtisadi inkişaf üçün əsaslı zəminlər yaradıb. Vurğulamaq lazımdır ki, dünyanın logistik qovşağının tam mərkəzində yerləşən Cənubi Qafqaz regionu bu gün Avropa və Asiya, Şimal və Cənub üçün ən səmərəli iqtisadi inteqrasiya platformasına çevrilib. Bu isə özlüyündə iqtisadi layihələrin təşəbbüsü və reallaşması ilə yanaşı həm də onun təhlükəsizliyinin və rentabelliyinin təmini istiqamətində Azərbaycanın gücündən müsbət mənada istifadə edilməsini aktullaşdırır. Bu ilin yanvarın 11-də Moskvada imzalanmış üçtərəfli bəyanat məhz müharibədən sonrakı Cənubi Qafqazın iqtisadi potensialının səmərəliliyi və ən əsası təhlükəsizliyi, o cümlədən yeni mərhələnin başlanğıcı kimi olduqca mühüm əhəmiyyət daşımaqdadır.
Xüsusi olaraq vurğulanmalıdır ki, bu razılaşmanın ən mühüm komponentərindən olan kommunikasiyaların açılması, Zəngəzur dəhlizinin bərpa edilməsi demək olar ki, bütün dünyanın diqqət mərkəzindədir. Təsadüfi deyil ki, Zəngəzur dəhlinin açılışı regionun mənzərəsinin, geosiyasi konfiqurasiyanın dəyişəcəyi kimi proqnozlarla müşayət olunmaqdadır. Bu gün istər regional müstəvidə- Gürcüstan, İran, Türkiyə və Rusiya timsalında, istərsə də regionda marağı olan Qərb, ərəb dövlətləri və Çin KİV-lərində bununla bağlı çoxsaylı yazılar dərc edilir, Abxaziyadan keçən dəmiryolu xətlərinin açılması yenidən gündəmə gətirilir, Gürcüstan parlamenti 44 günlük müharibənin nəticələrini xüsusi qapalı iclasda müzakirə edir, ekspertlər isə Zəngəzur dəhlizindən Çinin əldə edəcəyi faydanı belə hesablamağa çalışırlar.
Nəticə etibarı ilə, Zəngəzur dəhlizi bölgədə beynəlxalq yükdaşımalarda mühüm həlqəyə çevriləcəkdır. Ölkəmiz hər zaman regionda yeni əməkdaşlıq platformalarının yaranmasını zəruri hesab edir və belə əməkdaşlıqda maraqlı və hazır olduğunu bəyan edir. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Ermənistan istisna olmaqla bütün region dövlətləri ilə ikitərəfli və çoxtərəfli platformalarda uğurla əməkdaşlıq edir, müharibədən sonra Ermənistanın da bu platformalarda təmsil olunmasında maraqlıdır. Prezident İlham Əliyev çıxışlarında beynəlxalq yükdaşımaları uğrunda rəqabət getdiyinə toxunaraq Azərbaycanın nəqliyyat habına çevrilməsi üçün görülmüş işlər haqda da dəfələrlə məlumat verib. Zəngəzur dəhlizi ölkəmizin bu rəqabətdə imkanlarını genişləndirən bir fürsətdir, ondan istifadə edilməsi də zəruridir. Bu xəttin reallaşması isə həm də illərdir ki, bir-birindən ayrı düşmüş Azərbaycan-Naxçıvan-Türkiyə quru xəttinin yaranması deməkdir. Bu, Azərbaycan üçün olduqca vacib əhəmiyyətli bir nəqliyyat-kommunikasiya xəttidir.
Məğlub tərəf kimi Ermənistan bu gün sosial-iqtisadi, ən əsası isə siyasi faciələrin bir addımlığındadır. Ermənistan bir dövlət kimi var olmaq istəyirsə, Azərbaycanın regionda yaratdığı bu yeni iqtisadi reallıqlara qoşulmalı və hər hansı bir məsuliyyətsiz təxribata yol verməməlidir. Əks halda, bu ölkə ən böyük pisliyi özünə etmiş olacaq. Ermənistan anlamılıdır ki, Azərbaycanın ona yaratdığı iqtisadi imkan onların gələcəyi üçün həyati əhəmiyyət daşıyır. Çünki hazırda bu ölkədə bütün sferalar üzrə yaşanan faciələrdən yeganə çıxış yolu bölgənin inkişaf perspektivinə hesablanmış və bütün region ölkələrinin mənafelərinə uyğun olan iqtisadi, kommunikasiya, əməkdaşlıq məsələlərinin reallaşdırılmasıdır.
Müstəcəb Səmədov,
Salyan rayon Sarvan kənd tam orta məktəbin direktoru