1915-ci ildə Osmanlı imperiyasının ərazisində baş vermiş hadisələrin “erməni soyqırımı” kimi tanınması üçün ermənilər uzun illər idi ki, cidd –cəhdlə çalışır, dəridən –qabıqdan çıxırdılar. Bütün bu canfəşanlıqlara baxmayaraq, ABŞ –ın əvvəlki rəhbərləri prezident seçkiləri ərəfəsində vəd versələr də, “erməni soyqırımı” ifadəsini işlətmirdilər. Ancaq təəssüflər olsun ki, ABŞ –ın yeni seçilmiş Prezidenti CO Bayden gələcəkdə də seçkilərdə qalib gəlmək üçün tarixi səhvə yol verərək 1915 –ci ildə baş vermiş hadisələri “soyqırımı” kimi ifadə etmişdir. Əlbəttə, bu addımın təkcə ABŞ –la Türkiyə arasında deyil, həm də Azərbaycan arasında olan münasibətlərə də soyuqluq gətirəcəyi anlaşılandır. Hər bir azərbaycanlı bu ədalətsiz, qeyri –obyektiv bəyanatı hiddətlə qarşıladı. Başqa cür ola da bilməzdi. Böyük Atatürk demişdir ki, Azərbaycanın kədəri kədərimiz, sevinci isə sevincimizdir. Bunu belə də ifadə etmək olar:”Türkiyənin kədəri kədərimiz, sevinci isə sevincimizdir.” Tarix boyu Azərbaycan xalqı çətinə, dara düşəndə yanında türk qardaşlarımızı görüb. Azərbaycan da hər bir məsələdə daim Türkiyəni dəstəkləyib, onun milli maraqlarına həmişə böyük hörmətlə yanaşıb. Bu məqamda istər –istəməz belə bir sual meydana çıxır:”Necə olur ki, 29 il bundan öncə xalqımızın başına gətirilən, XX əsrin ən dəhşətli faciələrindən biri olan “Xocalı soyqırımı”na beynəlxalq ictimaiyyət, o cümlədən özünü dünyanın super dövləti, demokratiya baxımından ən inkişaf etmiş ölkələrdən biri hesab edən ABŞ lazımi qiymət vermir, ancaq 106 il bundan öncə baş verən və erməni saxtakarlığı, uydurmaları əsasında formalaşdırılmış qondarma bir hadisəni “soyqırımı” kimi dəyərləndirir. Görəsən, nə vaxtadək bu ikili standartların tətbiqi davam edəcək. Bir məsləyə bir cür, digər məsələyə isə tamamilə başqa cür yanaşma heç bir ölkəyə, xüsusilə dünyaya “demokratiya dərsi” keçən ABŞ –a heç də başucalığı gətirmir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə bütün dünyaya bəyan edib ki, gəlin arxivləri açaq, kimin haqlı, kimin haqsız olduğunu aydınlaşdıraq. Təəssüflər olsun ki, nə ABŞ, nə də digər Qərb dövlətləri buna heç bir reaksiya verməyiblər. Əlbəttə, əgər arxivlər açılarsa, kimin kim olduğu asanlıqla üzə çıxacaq. Bu isə nə ABŞ –ın, nə də onunla həmfikir olan ölkələrin ürəyincədir.
Tarixin istənilən dönəmlndə Türkiyə və böyük türk xalqı ona qarşı olan bütün təzyiqlərə, haqsızlıqlara mərdliklə, mətanətlə sinə gərmiş, yenilməzliyini, məğrurluğunu qoruyub saxlamışdır. Bundan sonra da belə olacağına kimsənin şübhəsi olmamalıdır.
Əzizağa Məmmədli,
"Qləbə" qəzetinin əməkdaşı
-