Ölkəmizdə koronavirusla mübarizə uğurla davam etdirilir. Koronavirus pandemiyasının ilk vaxtlarından vətəndaşların sağlamlığının qorunması məqsədilə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə virusun geniş yayılmasının qarşısını almaq üçün ölkə ərazisində çevik və sistemli tədbirlər həyata keçirilir.
Azərbaycan dövləti pandemiyanın ən sərt dövründə sərhədləri daxilində olan vətəndaşlarla yanaşı, xarici ölkələrdə olan vətəndaşlarımızın da təhlükəsiz həyat şəraitinin təmin olunması üçün gərgin fəaliyyət göstərmişdir. Müxtəlif ölkələrdən zərurət yarandığı təqdirdə vətəndaşların ölkəyə qayıtması üçün xüsusi reyslər təşkil olunurdu. Gətirilən insanlar ən yüksək səviyyəli karantin düşərgələrində yerləşdirilir, onların müəyyən edilmiş müddət ərzində müşahidə altında qalması təmin edilirdi. Bununla da koronavirus pandemiyasının ölkəmiz və xalqımız üçün yarada biləcəyi daha böyük təhlükələrin qarşısı alınmışdır.
Aparılan təhlillərdən də göründüyü kimi, Azərbaycan dövləti Covid-19 virusuna qarşı mübarizəni inam və birlik daxilində xüsusi əzmlə aparır. Bunun üçün bütün mənəvi, eləcə də inzibati, iqtisadi, maliyyə resursları cəlb edilmişdir. Azərbaycanda bu dəhşətli bəla ilə mübarizə məqsədi ilə xüsusi fond da yaradılmışdır. Ölkə Prezidenti və Birinci vitse-prezident ilk növbədə böyük vətəndaşlıq nümunəsi göstərərək bir illik əməkhaqqılarının bu fonda köçürülməsi barədə qərar qəbul etmiş, beləliklə də, həm dövlət strukturlarında, həm biznes strukturlarında çalışan şəxslər üçün yaxşı nümunənin əsasını qoymuşlar. Heç də təsadüfi deyildir ki, məhz bundan sonra mübarizə məqsədi ilə yaradılmış fonda vəsaitlərin köçürülməsi ümummilli kompaniya səviyyəsinə yüksəlmişdir. Hazırda, dövlətimiz bu vəsaitlərin düzgün şəkildə xərclənməsi, eyni zamanda, ölkənin aztəminatlı ailələrinin belə bir çətin dövrdə maddi cəhətdən təmin olunması mexanizmlərini müəyyənləşdirməyə çalışır.
Prezident cənab İlham Əliyev Ümumdünya Səhiyyə Assambleyasının 2021-ci il 31 may tarixində keçirilmiş 74-cü sessiyasında çıxışında vurğulamışdır ki, Azərbaycan pandemiya ilə mübarizə işinin effektiv təşkili üçün ölkənin bütün imkanlarını səfərbər etmiş ölkələr sırasındadır. Pandemiyanın ilk günlərindən Azərbaycanda Covid–19-un əhaliyə mənfi təsirinin ən az səviyyəyə endirilməsi və vəziyyətin nəzarətdə saxlanması üçün tədbirlər həyata keçirilmişdir. Bu zaman ərzində 13 modul tipli və 1 daimi xəstəxana inşa edilərək istifadəyə verilmişdir. Ölkə iqtisadiyyatına pandemiyanın mənfi təsirini azaltmaq məqsədi ilə Azərbaycan höküməti müxtəlif sistemli tədbirlər görmüşdür. Təqdirəlayiq haldır ki, pandemiya ilə mübarizədə Azərbaycan təcrübəsi bir sıra ölkələr tərəfindən öyrənilmiş və tətbiq edilmişdir. Beynəlxalq aləmdə Azərbaycanın koronavirusla bağlı mübarizə metodları təqdirlə qarşılanır. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı bu sahədə nümunəvi ölkə adlandırmışdır. Pandemiya ilə mübarizədə əsas prioritet əhalinin vaksinasiyasıdır. Cari ilin yanvar ayının ortalarından etibarən peyvənd konpaniyası başlanılmış və 99,94 % "Sinovak", qalanı isə "Astra Zeneca" və "Sputnik" olmaqla, 2 milyon doza peyvənd istifadə edilmişdir. İlk olaraq yaşlı insanların, sonra isə 18 yaşdan yuxarı əhalinin vaksinasiyası üçün təbliğat işləri həyata keçirilir.
Dünyanı aciz vəziyyətə salan, səhiyyəsi, iqtisadiyyatı güclü inkişaf etmiş ölkələri belə çətinliklər qarşısında qoyan koronavirusla mübarizədə Prezident İlham Əliyevin xalqın sağlamlığı üçün uzaqgörən qərarları insanların inam və güvənini bir az da artıraraq daha da möhkəmləndirdi.
Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan xalqı və Azərbaycan dövləti bu dəhşətli pandemiyaya qarşı mübarizədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin liderliyi ilə qalib gələcəkdir. Bu məsələdə hər bir sıravi vətəndaş yalnız öz liderinə güvənir, birlik və inam şəraitində ümumbəşəri bəlaya qarşı dövlət başçısının çağırışlarını xüsusi həssaslıqla diqqətdə saxlayır.
Mirkamal Bağırov,
Salyan şəhər sakini, həkim