44 günlük vətən müharibəsində qazandığımız zəfər qələbəsinə görə “Dəmir Yumruq” əməliyyatının müəllifi, Müzəffər Ali Baş Komandanımız Cənab İlham Əliyevə, Müzəffər Azərbaycan ordusuna, canından, həyatından artıq sevdiyi vətən üçün qan tökən və şəhidlik zirvəsinə ucalan qəhrəman, namus-qeyrət rəmzinə çevrilən, özləri qayıtmasalar da Qarabağımızı qaytaran şəhidlərimizə, birlik nümayiş etdirən Azərbaycan xalqına və Azərbaycanın haqq işinə dəstək verən, qardaşlıq, doğmalıq nümunəsi göstərməklə daim Azərbaycanın dərdini öz dərdi hesab edən Türkiyə dövlətinə, onun Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğana minnətdarıq!
Bu gün əzəmətli qələbəni fəxarət və qürur hissi ilə yaşayarkən xüsusilə Ulu Öndər siyasi kursunun layiqli davamçısı, cənab Prezidentimiz İlham Əliyevin 18 illik yorulmaz fəaliyyəti, Bütöv Azərbaycanın və regionun inkişafı üçün apardığı zamanı qabaqlayan siyasəti dünyada alternativi olmayan bir uğurlu siyasətin bəhrəsi olduğu nəticəsinə gəlirik.
Cənab Prezidentimiz İlham Əliyev 31 may 2021-ci il tarixdə keçirilən Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasında həmişə olduğu kimi qətiyyəti, aktuallığı ilə fərqlənən geniş nitq söyləmişdir. O, proqmatik xarakterli çıxışında COVİD-19 pandemiyasının mənfi təsirinin ölkə səviyyəsində qarşısının alınması məqsədilə görülən sistemli tədbirlər haqqında məlumat vermişdir. Faktlara söykənən məlumatlar əsasında müəyyən olunmuşdur ki, pandemiyanın mənfi təsirlərinə məruz qalmış vətəndaşlarımızı və sahibkarlıq subyektlərini dəstəkləmək üçün 2 milyard ABŞ-dolları həcmində sosial-iqtisadi təşviq paketi hazırlanmışdır. Əsas prioritet sahələrdən hesab edilən əhalinin vaksinasiyası aparılmış, 2(iki) milyon doza peyvənd istifadə edilmiş, əhalinin yuxarı yaş təbəqələri demək olar ki, hamılıqla vaksinasiya olunmuşdur. 18 yaşdan yuxarı vətəndaşlar könüllülük əsasında vaksinasiya olunur və peyvənd olunanlara onlayn COVİD-19 pasportu təqdim edilir.
Ölkəmizdə görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində pandemiyanın əhaliyə mənfi təsirini minimuma endirmək və vəziyyətin nəzarədə saxlanılması üçün praktiki tədbirlər həyata keçirilmişdir. Belə ki, qısa zaman ərzində 13 mobil tipli və 1 daimi xəstəxana inşa edilmiş, ümumilikdə COVİD xəstələri üçün müəyyən edilmiş xəstəxanalarda mövcud çarpayıların sayı 10 mindən artıq olmuşdur.
Azərbaycan Respublikası dünya əhalisinin vaksinlə ədalətli təminatının daim tərəfdarı olmuş və bu sahədə öz sözünü demək qüdrətinə malik olmuşdur. Bəzi ölkələr ehtiyaclarından artıq peyvənd əldə etmiş və inkişaf etməkdə olan ölkələri öz əhalisini pandemiyadan qorumaq imkanınından məhrum etmişlər. Bu ölkələrin dünya arenasında ictimai şəkildə pislənməsi ölkəmizin qaldırdığı qlobal problemlərdən biri olmuşdur.
Cənab Prezidentimiz öz qətiyyətli və faktlara söykənən çıxışında dünyada bu günə qədər narahatçılıq doğuran çox vacib məsələni- pandemiya dövründə və hazırda dünyada mövcud olan vaksinlərin 82 faizinin zəngin ölkələr tərəfindən alınmasını, yalnız 0,3 faizinin azgəlirli ölkələrin payına düşməsini Assambleya iştirakçılarının nəzərinə çatdırmışdır.
Cənab Prezidentimiz təfəkkürə və məntiqə söykənən çoxşaxəli çıxışında Ümumdunya Səhiyyə Təşkilatına belə bir dünyəvi mesaj verdi: “Pandemiyaya qalib gəlmək üçün həmrəylik strateji əhəmiyyət kəsb edir”. Bu, Azərbaycan dövlətinin pandemiyanın öhdəsindən gəlməsi üçün həmişə güclü qlobal həmrəyliyin nümayiş etdirilməsinin əhəmiyyətini təbliğ etməsi və dünyada pandemiyaya qalib gəlmə nümunəsi idi. Bundan başqa Azərbaycanın bir sıra məsələlərdə qlobal təşəbbüslərlə çıxışını faktlarla sübut idi. Qoşulmama Hərəkatının sədri qismində Cənab Prezidentimizin 2020-ci ilin may ayında keçirilən Zirvə görüşündə və 150-dən çox ölkənin iştirak etdiyi BMT Baş Assambleyasının 2020-ci ilin dekabrında keçirilən hökumət və dövlət başçıları səviyyəsində Xüsusi Sessiyasındakı qlobal çağırışlarla çıxışı xüsusi qeyd olunmalıdır. Azərbaycan, ümumilikdə götürdükdə, pandemiya ilə mübarizədə ən çox qlobal çağırışlarla çıxış edən ölkədir. Məhz Azərbaycan dövlət başçısının qlobal çağırışlarının nəticəsi olaraq COVİD-19 probleminin həlli məqsədilə BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsilə bağlı qətnamə irəli sürmüş və həmin qətnamə 2021-ci ilin mart ayında qəbul olunmuşdur. Bununla Azərbaycan dünyada yeganə dövlət olaraq inkişaf etmiş ölkələri zəif inkişaf etmiş ölkələrə dəstək durmalarına dəvət etmişdir. Dünyada nümunə olaraq koronavirusla əlaqədar Azərbaycan ÜST-lə daim səmərəli əməkdaşlıq edir. Ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatına könüllü olaraq 10 milyon ABŞ dolları vəsait vermiş və 30-dan artıq ölkəyə pandemiya ilə əlaqədar humanitar və maliyyə yardımı etmişdir. Bütün bunlara görə ÜST Azərbaycan dövlətini pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırmışdır.
Azərbaycanda bu gün haqqa, ədalətə söykənən, dövlətimizin tərəqqisinə, xalqımızın sosial iqtisadi inkişafına xidmət göstərən və dünyaya nümunə olacaq siyasət irəli sürülür. Təbii ki, bu siyasətin təməlində Ulu Öndər strategiyası dayanır və Cənab Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan dünyada qlobal təşəbbüsləri və siyasəti öyrənilən nümunəvi, inkişaf etmiş, həmrəyliyə, tərəfdaşlığa sadiq ölkədir.
Azərbaycan Respublikasının vətəndaşı olmağımla qürur duyur və fəxr edirəm.
Səlimağa Səlimli,
Salyan rayon Şəkərli kənd sakini